İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub


 
 
     Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə «Konstitusiya» Araşdırmalar Fondu tərəfindən hazırlanan «İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi ilə onların yaradıcılıq imkanlarının təbliği» layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib.
     Tədbirdə qeyd olunub ki, müasir dünyada istedadlı əlillərin yaradıcılıq işlərinin təbliğində İKT-dan geniş istifadə edilir. Çünki İKT istedadlı əlillərin yaradıcılığını ölkə sərhədlərindən kənarda da daha geniş miqyasda təbliğ etməyə, həmçinin, daha böyük və müxtəlif yaş qruplarına, fərqli baxışlara malik auditoriyanı əhatə etməyə imkan verir. Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqqında məlumatları əhatə edən www.menbacariram.com və www.nobarriers.az saytları yaradılıb, həmçinin, «Mənim möcüzəli dünyam» adlı albom-kataloq nəşr olunub.
     Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri toplanıb və onlar haqda Azərbaycan, rus, ingilis dillərində məlumatlar dərc olunub. Eyni zamanda əlilliyi olan şairlərin şerlərindən ibarət «Ümidlər, arzular...» adlı şerlər toplusu nəşr edilib. Layihənin icrası ilə bağlı Bakı şəhəri və bölgələrdə, həmçinin Naxçıvan Muxtar Respublikasında 94 fotossesiya aparılıb. Ümumilikdə, 1800-dən çox fotoşəkil çəkilib. 78 istedadlı əlil haqqında məlumat toplanaraq rus və ingilis dillərinə tərcümə edilib.
     Onu da bildirək ki, sözügedən layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir.
 
 
 
 
 
  

 






Tarix:26/12/2012     udpo.az saytı Geri