Tvinninq layihəsi başa çatıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avropa İttifaqı ilə birgə icra olunan tibbi-sosial reabilitasiya sisteminin inkişafı üzrə Tvinninq layihəsi başa çatıb

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunlarına dair tədbir keçirilib.
   Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov  iki illik müddətə icra olunan və bu ay artıq başa çatan layihə üzrə  görülən işlərdən bəhs edib. Nazir müavini bildirib ki, layihə çərçivəsində Azərbaycandan və Avropadan olan mütəxəssislər tərəfindən ölkəmizdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinin hazırlanmasına və onun BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılmasına dəstək veriblər. Həmçinin bu qanunun həyata keçirilməsini nəzərdə tutan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış Milli Fəaliyyət Planının tətbiq edilməsi üçün Strateji Planın hazırlanması da təmin edilib, onun bir neçə dəfə geniş təqdimatı keçirilib.
   Layihə çərçivəsində hazırlanmış Qiymətləndirmə Forması əsasında nazirliyin Şaqan və Sumqayıt Əlillərin Bərpa Mərkəzlərində bərpa prosesi keçən əlilliyi olan şəxslərin 6 komponent üzrə tibbi və sosial qiymətləndirmələri aparılıb. Həmin Qiymətləndirmə Forması vasitəsi ilə toplanmış məlumatlardan istifadə olunmaqla əlilliyi olan şəxslər üçün Fərdi İnkişaf Planının hazırlanması işləri görülüb, onun bir neçə versiyası təqdim edilib. 
   Eyni zamanda, 12 təlim həyata keçirilib. Avropalı mütəxəssislər tərəfindən həyata keçirilən 10 təlim seansında nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiat və Tədris Mərkəzinin, Şaqan və Sumqayıt Əlillərin Bərpa Mərkəzlərinin, Uşaq Bərpa Mərkəzinin, QHT-lərin nümayəndələri iştirak ediblər. Təlimlər əlilliyi olan şəxslərlə birbaşa təmasda olan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib və təlimlərdə iştirak edən bütün şəxslərə Avropa İttifaqının sertifikatları verilib. Layihə üzrə qiymətləndirmə və monitorinqlər həyata keçirilib və aparılmış təhlillər əsasında ölkəmizdə əlillik sahəsində islahatların davam etdirilməsi, bu sahədə gələcək siyasətlərin müəyyən edilməsi  üçün layihə tərəfindən tövsiyələr hazırlanaraq təqdim olunub.
   Tədbirdə Tvinninq layihəsinin yerli və avropalı ekspertlərinin təqdimatları əsasında görülən işlər diqqətə çatdırılıb, layihənin yekunlarına dair geniş fikir mübadilələri aparılıb.

 

 

 

Davud Rəhimli






Tarix:22/1/2016     udpo.az saytı Geri