Göyçay rayonunda maarifləndirmə tədbiri keçirilmişdir


Şuranın dəstəyi ilə Göyçay rayonunda maarifləndirmə

tədbiri keçirilmişdir

 

Xəbər verildiyi kimi, “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihənin icrasını həyata keçirir.

Həmin layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Göyçay rayonunda keçirilmişdir. Təşkilatın nümayəndəsi tədbirdə çıxış edərək layihənin məqsədi haqqında məlumat vermiş, maraqlı bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya və tədbirin təşkili üçün yaradılan şəraitlə bağlı Göyçay rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.

Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Rəxşəndə Rəsulova öz çıxışında mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirmiş, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsasını qoyulduğu, bu siyasətin bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi bildirilmişdir. O, qadın siyasətinin Azərbaycan Respublikasının qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulduğu, milli qanunvericiliyin beynəlxalq standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımların atıldığını vurğulamışdır.

S.Qəhrəmanova insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin  zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat vermiş, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibdir. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə üsulları barədə məlumat verilmişdir.

Tədbirdə iştirak edən qadın hüquqları və gender məsələləri  üzrə ekspert, professor Rəna Mirzəzadə məişət zorakılığı və erkən nikahla bağlı öz fikirlərini bölüşmüş, zorakılığın növlərini, əsas səbəb və nəticələrini göstərmişdir. O, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödəməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunmuş və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu söyləmişdir.

Qadınlara qarşı iqtisadi zorakılıq haqqında danışan “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva qadınların ictimai həyatda rolunun artırılmasının, onların məşğulluğunun təmin olunmasının vacibliyini vurğulamış və müsbət təcrübələrini bölüşmüşdür.

Göyçay rayon qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova öz çıxışında ailə münasibətlərinin hüquqi əsaslarından, gənc ailələrdə nikahın pozulması hallarının yaranma səbəblərindən və nikahdan əvvəl tibbi müayinə və reproduktiv sağlamlıq haqqında maarifçilik işinin əsaslarından bəhs etmişdir.

Tədbirdə Göyçay rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin əməkdaşı və icma üzvləri məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, əhalinin təhsil səviyyəsinin yüksəlməsi, qadın polislərin sayının artırılması,  qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişlənməsi, medianın bu sahədə fəaliyyətinin daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirmişlər.

Tədbirdə iştirakçılarla mövzu üzrə interaktiv müzakirələr və fikir mübadiləsi aparılmış, məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər irəli sürülmüşdür.

Artıq layihə çərçivəsində Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilmişdir.

 

Mətbuat xidməti  




Tarix:2/9/2016     udpo.az saytı Geri