Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir


“20 Yanvar” İB “Yeniyetmə və gənclər  arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin  təşkili” layihəsi çərçivəsində Neftçala rayonunda Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir həyata keçirib

 “20 Yanvar” İB “Yeniyetmə və gənclər  arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin  təşkili” layihəsini həyata keçirir.

Oktyabr ayının 6-sı  sözügedən layihə çərçivəsində təşkilat 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüş İmanov Samid Gülağa oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə  bağlı Neftçala rayon 1 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə  tədbiri həyata keçirilib.

Tədbirdə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda da tədbirin aparıcısı Şəmistan Əlizamanlı, Milli Qəhrəmanımız mayor Samid İmanovun ailə üzvləri, Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri, eləcə də Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Akif Kərimov, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, həmçinin QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu, VisionTV-nin əməkdaşı Fərqanə Əliyeva, “Neftçala Qadınlarının Sosial İnkişafına Dəstək” İB-nin sədri Gülqədəm Mirzəzadə, “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə və sədr müavini Müstafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin gedişatında layihə haqqında məlumat verilmiş, dəvət olunmuş qonaqlar çıxış etmiş, Milli Qəhrəmanımız Samid İmanovun xatirəsinə həsr olunmuş video-rolik izlənilmişdir. Daha sonra isə tədbirin aparıcısı Şəmistan Əlizamanlı ifasında hərbi vətənpərvərlik mahnısı ifa olunmuş, məktəb yeniyetmə və gənclərinin ifasında şeirlər səsləndirilmişdir.

Qeyd edək ki, Yeniyetmə və gənclər  arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin  təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi  və “20 Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir. 

Davud Rəhimli

  




Tarix:9/10/2017     udpo.az saytı Geri