Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib


Bakı, 29 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət milli komandaları arasında boccia idman növü üzrə 4 kateqoriya üzrə yoldaşlıq görüşü təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoldaşlıq görüşündən əvvəl tədbir keçirilib.

Tədbirdə çıxış edən əmək və sosial müdafiə naziri Səlim Müslümov əlilliyi olan şəxslərin reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndirildiyini vurğulayıb. Fəal idman siyasəti sayəsində ölkəmizdə paralimpiya hərəkatının da geniş vüsət aldığını qeyd edən nazir idmanla məşğul olmağın əlilliyi olan şəxslərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasında xüsusi əhəmiyyətini, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə aparılan işləri ardıcıl olaraq dəstəklədiyini söyləyib.

Qeyd olunub ki, hələ 1984-cü ildən paralimpiya oyunlarına daxil edilən və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə son illərdə ölkəmizdə geniş yayılan boccia idman növü də bu baxımdan mühüm önəm kəsb edir. Bu idman növü həm fiziki, həm də zehni inkişafa kömək etdiyindən əlilliyi olan şəxslər arasında boccia üzrə mütəmadi yarışların təşkili çox faydalıdır. Həmin idman növü ilə məşğul olan əlil-idmançıların yaşaması, lazımi xidmətlə əhatə olunması və məşq etməsi üçün nazirliyin 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hər bir şərait yaradılıb.

Nazirin söylədiyinə görə, artıq ölkəmizdə həm sağlamlıq imkanları məhdud gənclər, həm də uşaqlar arasında boccia üzrə komandalar da formalaşıb və onlar boccia üzrə müxtəlif yarışlarda, o cümlədən beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Hazırda Azərbaycanda 5 kateqoriya üzrə 100 nəfərdən çox əlil arabası istifadəçisi bu idman növü ilə məşğuldur.

Nazir qeyd edib ki, müvafiq proqram çərçivəsində Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq reabilitasiya mərkəzlərinin işi ilə əyani tanışlığı, peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı üçün də şərait yaradılır. Bu məqsədlə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən gənclərin qrup halında qardaş ölkəyə, həmin sosial qrupa mənsub olanların da qrup halında ölkəmizə səfərləri təşkil edilir. Bu, həmin gənclərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasına xidmət edir. İki ölkənin milli komandaları arasında boccia idman növü üzrə yoldaşlıq görüşünün təşkili də bu baxımdan çox əhəmiyyətlidir.

Digər çıxış edənlər də əlil idmançıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirləri yüksək dəyərləndiriblər.

Sonra tədbir iştirakçıları yarışın gedişini izləyiblər.

Davud Rəhimli

 




Tarix:28/12/2017     udpo.az saytı Geri