Siyəzən rayonunda maarifləndirmə tədbiri


Şuranın dəstəyi ilə Siyəzən rayonunda maarifləndirmə

tədbiri keçirilib

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə aksiyalarının keçirilməsi” adlı layihəsi çərçivəsində Siyəzən rayonunda maarifləndirmə tədbiri təşkil edilib.

Uşaqların, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq əməkdaşlarının, valideynlərin, müəllimlərin və şagirdlərin iştirakı ilə keçirilən həmin tədbirdə çıxış edən təşkilatın eksperti Asəf Kərimov belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Siyəzən Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

O, qeyd edib ki, layihənin məqsədi regionlarda yaşayan uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, pis vərdişlər, narkomaniya, alkoqolizm, vərəm, hepatit virusları, İİV/QİÇS,  cinsi yolla yoluxan xəstəliklər və digər bu kimi xəstəliklər və onların fəsadları, habelə tütünçəkməyə meylliliyin insanın sağlamlığına təsiri ilə bağlı təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil etməklə Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edən problemin həllinə dəstək verməkdən ibarətdir. 

Diqqətə çatdırılıb ki, bu gün uşaq və gənclərin hüquq və azadlıqlarının müdafiəsi, gələcək inkişafının təmini sahəsində dövlət tərəfindən müəyyən edilən əsas vəzifələrdən biri uşaq və gənclərin sağlamlığının qorunması, onların pis vərdişlərdən uzaq olaraq idmana, sağlam həyat tərzinə meyllərinin artırılmasından ibarətdir. Təbii ki, bu işdə vətəndaş cəmiyyəti institutları da davamlı fəaliyyət göstərməlidirlər.  Şagirdlərə sağlam həyat tərzinə yiyələnməyin üsulları, yoluxucu xəstəliklər və onların fəsadları barədə geniş məlumat verilib.

Ekspert tərəfindən iştirakçılara pis vərdişlərin (narktikdən istifadə,  spirtli içkilərin qəbulu, siqaret çəkmək və. s), habelə infeksion xəstəliklərin (vərəm, hepatit virusları, İİV/QİÇS,  cinsi yolla yoluxan xəstəliklər və s.) törətdiyi fəsadlar, bu sahədə aparılan müayinə və müalicə tədbirləri,  cinsi yolla yoluxan xəstəliklərdən əziyyət çəkən insanların hüquqları və onların müdafiəsi  yolları haqqında geniş məlumat verilib.

1 saylı orta məktəbin direktoru Nəcməddin Mürvətov isə öz çıxışında qeyd edib ki, sağlam həyat tərzi üçün şərait və imkanların yaradılması, əhalinin öz sağlamlığı üçün məsuliyyətinin və marağının artırılmasından ötrü maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu baxımdan hesab edirəm ki, Siyəzən rayonunda daha çox uşaq və gənclərin iştirakı ilə keçirilən bu maarifləndirmə tədbiri Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edən problemlə mübarizənin gücləndirilməsinə öz tohfəsini verəcəkdir.

Uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği məsələləri ilə bağlı geniş müzakirələr aparılmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülmüşdür.

 

  Mətbuat xidməti

 
 




Tarix:1/6/2018     udpo.az saytı Geri