27 May 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu, 2005-ci il


Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun qanın, qan komponentlərinin donorluğunun inkişafı ilə əlaqədar münasibətləri tənzimləyir, qan xidmətinin təşkilinin əsaslarını müəyyən edir.

 

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. qan - donordan götürülmüş və köçürülmə, yaxud sonrakı emal üçün istifadə edilən insan qanı;

1.0.2. qan komponentləri - qandan müalicə məqsədləri üçün müxtəlif üsullarla hazırlanan qanın tərkib hissələri (eritrositlər, leykositlər, trombositlər, plazma);

1.0.3. qan preparatları - müalicə məqsədləri üçün istehsalat şəraitində qandan hazırlanan dərman vasitələri;

1.0.4. qanın, qan komponentlərinin donorluğu - şəxsin könüllü olaraq müalicə məqsədləri üçün qanını və ya qan komponentlərini verməsi;

1.0.5. resipiyent - qanın və ya qan komponentlərinin köçürüldüyü şəxs;

1.0.6. qan xidməti - müalicə məqsədləri üçün qan və qan komponentləri ilə tibb müəssisələrini təmin edən səhiyyə sahəsi;

1.0.7. qan xidməti müəssisəsi (qan bankı) - donorun müayinəsi, qanın, qan komponentlərinin tədarükü, emalı, yoxlanılması, saxlanması və bölüşdürülməsini təmin edən tibb müəssisəsi;

1.0.8. ciddi əlavə təsir (posttransfuzion ağırlaşma) - qanın, qan komponentlərinin tədarükü, müayinəsi, emalı, saxlanması və bölüşdürülməsi ilə bağlı olan, xəstənin həyatı üçün təhlükə yarada, səhhətinə təsir edə əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu ilə nəticələnə bilən, yaxud stasionar müalicə və ya xəstəlik müddətini uzadan mənfi xarakterli hallar.[1]

 

Maddə 2. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlətin vəzifələri

3.0. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

3.0.1. qanın, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət siyasətinin müəyyən edilməsi;

3.0.2. qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət proqramının hazırlanması və təsdiq edilməsi;

3.0.3. qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin təşkili və inkişafına dair normativ hüquqi aktların, tələblərin və standartların işlənib hazırlanması

və qəbul edilməsi;

3.0.4. qanköçürməyə dair elmi tədqiqat işlərinin əlaqələndirilməsi və metodiki tədbirlərin həyata keçirilməsi;

3.0.5. qan preparatlarının istehsalı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi;

3.0.6. qanın, qan komponentlərinin və qan preparatlarının keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;

3.0.7. qanın, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində statistik uçotun təşkili;

3.0.8. qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafı üçün iqtisadi, sosial və hüquqi tədbirlərin həyata keçirilməsi.

 

Maddə 4. Qanın, qan komponentlərinin donorluğu

4.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada qan xidməti müəssisələrində (qan banklarında) tibbi müayinədən keçən, qanın, qan komponentlərinin donorluğuna heç bir əks göstərişləri olmayan, 18-65 yaşlı fəaliyyət qabiliyyətli hər bir şəxs qanın, qan komponentlərinin donoru ola bilər. Yaşı 65-dən yuxarı olan şəxslər də həkim rəyi əsasında donor ola bilərlər.

4.2. Donordan qanın və ya qan komponentlərinin götürülməsinə donorun sağlamlığına heç bir zərər yetirilmədiyi halda yol verilir.

4.3. Qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu ola bilər.

 

Maddə 5. Qanın, qan komponentlərinin donorluğunun inkişafı və təşkili sahəsində tədbirlərin maliyyələşdirilməsi

Qanın, qan komponentlərinin donorluğunun təşkili və inkişafı sahəsində tədbirlər dövlət büdcəsi, qan xidməti müəssisələrinin (qan banklarının) tibb müəssisələrinə verdikləri qan və qan komponentləri müqabilində əldə etdikləri vəsait, hüquqi və fiziki şəxslərin ianələri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

Maddə 6. Qanın, qan komponentlərinin donorluğunun təbliği

6.1. Səhiyyə orqanları,qan xidməti müəssisələri (qan bankları) pulsuz (əvəzsiz) qanın, qan komponentlərinin donorluğunun təbliği üzrə tədbirlərin həyata keçirilməsini təmin etməyə borcludurlar.

6.2. Qeyri-hökumət təşkilatları, o cümlədən ictimai birliklər və fondlar qanın və qan komponentlərinin müalicə məqsədləri üçün könüllü və pulsuz (əvəzsiz) verilməsinin təbliğində səhiyyə orqanları ilə birlikdə iştirak edə bilərlər.

6.3. Qanın, qan komponentlərinin donorluğu barədə əhalinin maarifləndirilməsi tədbirləri mətbuat, radio, televiziya vasitəsi, plakatların, bülletenlərin və s. nəşri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

I I  f ə s i l

DONORLARIN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

 

Maddə 7. Donorun hüquqları

7.1. Donorun aşağıdakı hüquqları vardır:

7.1.1. tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq;

7.1.2. pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq;

7.1.3. donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq, sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq.

7.2. Şəxs donorluqla əlaqədar əlil olduqda, onun əlilliyi əmək xəsarəti nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.

 

Maddə 8. Donorun vəzifələri

8.1. Donor olmaq istəyən şəxs keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməlidir. [2]

8.2. Donor olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin siyahısı ilə tanış olmalıdır.

8.3. Sağlamlıq vəziyyəti haqqında məlumatın gizlədilməsi, yaxud bilərəkdən yanlış məlumat verilməsi resipiyentin sağlamlığında ciddi mənfi hallara səbəb olduğu və ya ola biləcəyi halda belə hərəkətlərə yol vermiş donor Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

Maddə 9. Donor barədə məlumatların qorunması

Qan xidməti müəssisələrinin (qan banklarının) işçiləri donor barədə bütün məlumatların məxfiliyinə əməl etməlidirlər və yalnız öz peşə fəaliyyəti dairəsində onlardan zəruri olan həddə istifadə edə bilərlər.

 

Maddə 10. Donorların sosial müdafiəsi

10.1. Donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdikləri gün, mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı saxlanılmaqla işdən azad olunurlar. Qan və ya qan komponentlərini vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunurlar.

10.2. Qan verən zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin olunur.

10.3. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən işləyən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir.

Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.

10.4. Donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə, işləyən donora müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.

 

I I I f ə s i l

QAN XİDMƏTİNİN TƏŞKİLİ

 

Maddə 11. Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi

11.1. Beynəlxalq standartlara, sanitar-gigiyenik norma və tələblərə əməl edilməklə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada dövlət qan xidməti müəssisələri (qan bankları) həyata keçirir. Qanın, qan komponentlərinin tədarükü və xəstəxanadaxili qanköçürmə ilə bağlı xidmətləri bələdiyyə tibb müəssisələri də həyata keçirə bilər.

11.2. Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11.3. Qan xidməti müəssisələrinin (qan banklarının) vəzifəli şəxsləri qanın, qan komponentlərinin və preparatlarının tədarükündə, emalında, saxlanmasında və bölüşdürülməsində yol verilmiş pozuntulara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

 

Maddə 12. Donorların tibbi müayinəsi və onlardan qanın, qan komponentlərinin götürülməsi qaydası

12.1. Qanın, qan komponentlərinin götürülməsi donorun tibbi müayinəsindən sonra həyata keçirilir.

12.2. Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12.3. Donorun müayinəsinin nəticələri sənədləşdirilir və hər hansı normadan kənara çıxan nəticələr haqqında donora məlumat verilir.

 

Maddə 13. Ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barədə məlumatın verilməsi

Müalicə müəssisələri qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barəsində köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı belə məlumat daxil olduqda keyfiyyətsiz qan və qan komponentlərinin dövriyyədən çıxarılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

 

Maddə 14. Qanın, qan komponentlərinin keyfiyyətinə nəzarət

14.1. Qan xidməti müəssisələrində (qan banklarında) qan, qan komponentləri, preparatları və konservləşdirici məhlullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mütləq yoxlamadan keçirilir.

14.2. Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların resipiyentlərə köçürülməsini həyata keçirən müalicə müəssisələri həmin məhsulların təhlükəsizliyinin və keyfiyyətinin göstəricilərinə əməl olunmasına nəzarəti təmin edirlər. Bu göstəricilərin siyahısı və nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14.3. Donorda və ya resipiyentdə baş vermiş ciddi əlavə təsirlərin (posttransfuzion ağırlaşmaların), yaxud reaksiyaların müşahidəsinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən prosedurlar sistemi müəyyən edilir.

14.4. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində tədarük edilmiş, tibbi müayinədən keçmiş, emal olunmuş, saxlanılmış və bölüşdürülmüş qanın, qan komponentlərinin donordan alındıqdan sonra resipiyentə köçürülənədək və əks istiqamətdə izlənilməsinə zəmanət vermək üçün bütün zəruri tədbirləri həyata keçirir.

14.5. Müvafiq icra hakimiyyəti orqanı yalnız Azərbaycan Respublikasında yaranan izlənilmə sisteminə identik (ekvivalent) sistemə malik ölkələrdən qanın və qan preparatlarının idxal edilməsinə icazə verə bilər.

 

IV f ə s i l

YEKUN MÜDDƏALAR

 

Maddə 15. Qanın, qan komponentlərinin və preparatlarının Azərbaycan Respublikasından kənara aparılması və mübadilə edilməsi qaydaları

 

15.1. Qanın, qan komponentlərinin və preparatlarının xarici təşkilatlarla mübadilə edilməsi, ekstremal şəraitdə təcili humanitar yardım göstərilməsi üçün qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların Azərbaycan Respublikasından kənara aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

15.2. Qanın, qan komponentlərinin gəlir əldə etmək məqsədilə başqa dövlətlərə satılması qadağandır.

 

Maddə 16. Fövqəladə vəziyyətlərdə qanın, qan komponentlərinin donorluğunun təşkili

Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 17. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun müddəalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 18. Qanunun qüvvəyə minməsi

18.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

18.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Qan və onun komponentlərinin donorluğu haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 82; 2001-ci il, № 12, maddə 731; 2004-cü il, № 4, maddə 202) qüvvədən düşmüş hesab edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 3 may 2005-ci il

№ 904-IIQ

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218)
  2. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 1.0.8-ci maddəsində “və ya əlillik” sözləri “, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218) ilə 8.1-ci maddəsində “narkotik” sözündən sonra “vasitələr və psixotrop” sözləri əlavə edilmişdir.

  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1967 dəfə oxunub




Flag Counter






» 27/5/2019- Şuranın dəstəyi ilə əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsinə dair yeni layihənin icrasına start verilib

» 25/5/2019- Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.

» 25/5/2019- Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib

» 22/5/2019- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində müzakirə

» 20/5/2019- Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu

» 20/5/2019- Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətlər

» 18/5/2019- Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib

» 15/5/2019- “IBSA Judo Grand Prix Baku 2019” yarışının yekunları rəqəmlərdə: Azərbaycan medal sayına görə birinci yerdə

» 15/5/2019- Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb

» 14/5/2019- Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu keçirilir

» 13/5/2019- Bu gün Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start veriləcək

» 19/5/2019- Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib

» 8/5/2019- Əlilliyi olan şəxslərə hüquqi xidmətlər göstəriləcəkdir.

» 8/5/2019- Cari ilin yanvar-aprel aylarında 70 talassemiya xəstəsinə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib

» 04/5/2019- “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi

» 3/5/2019- I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 1/5/2019- Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Prezidentin təqaüdünün təyin edilməsi üçün onlardan sənəd qəbuluna artıq başlanıb

» 27/4/2019- Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib

» 20/4/2019- Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

» 18/4/2019- 17 Aprel Dünya Hemofiliya gününə həsr edilmiş dövlət nümayəndələri ilə konfrans keçirildi.