21 Oktyabr 2017-ci il

Əsas Səhifə Webmail


MÜSAHİBƏLƏR

11px13px15px17px
Hadi Rəcəbli


“Əlillərə cəmiyyətdə münasibət dəyişməlidir”

 

Əlilliyi olan insanlara qarşı xüsusi diqqət, qayğı hər bir kəsin borcu, vəzifəsidir. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı var və bu onlar üçün çox vacibdir.

Qeyd edək ki,  bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “ Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. Bu gün isə Azərbaycan respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları fəaliyyət göstərir. Əlilliyi olan insanların xoş rifahı naminə qanunvericilik və icra qurumlarında həlli vacib olan amillər və bu sahədə mövcud problemlər barədə  söhbətimizi Milli Məclisin Sosial Siyasət Daimi komissiyasının sədri Hadı Rəcəbli ilə davam etdik.

 

- Hadı müəllim, bu gün əlillərin sosial müdafiəsi, reabilitasiyası necə tənzimlənir və mövcud qanunvericilikdən irəli gələn məsələlər hansılardır?

 

- Bu gün əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır.Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var. Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Lakin maliyyə dəstəyinin həcmi baxımından bu, birmənalı qəbul edilmir. Amma onu da qeyd edim ki, dövlət başçısı İlham Əliyev  bu sahədə ardıcıl olaraq iş aparır. Bu ildən başlayaraq şəhid ailələrinə hər ay 100 manat birdəfəlik müavinətin verilməsi, keçən ildən isə əlillərə aldıqları müavinətdən fərqli olaraq prezident müavinətinin  verilməsi, eləcə də  əlillər üçün mənzil tikintisinə, nəqliyyat vasitələrinə  pulun ayrılması dövlət tərəfindən bu təbəqəyə olan diqqətin nəticəsidir. Belə bir qayğı MDB dövlətlərinin demək olar ki, heç birində yoxdur. Ən əsası isə bütün cəmiyyətdə istər Qarabağ əlillərinə, istərsə də digər əlillərə qarşı mərhəmət prinsipi oyanmalıdır. Bunun  üçün əlillər cəmiyyətlərindən,  mətbuatdan  çox şeylər asılıdır.  Çox təəssüf ki, bu gün elə əlillər var ki, mərhəmət istədikləri qurumlarda elə bir şərait yaradırlar ki, həmin yer  artıq onlara üz göstər. Bunun üçün əlillər cəmiyyətinin xüsusi səriştəsi olmalıdır. Onlar bütün işlərini düzgün tənzimləməlidirlər. Əlillərin cəmiyyətə reinteqrasiyası, əlilliyin bərpası, əlillərin reabilitasiyası ən aktual məsələlərdir. Biz əslində əlil sözünün işlənməsinin əleyhinəyik. Çox zaman cəmiyyətimiz “fiziki qüsurları olan”, “sağlamlığı məhdud olan” kimi ifadələr işlətməklə əlillərə olan münasibətin aliliyini göstərmiş olur. Təbii ki, əlillərin rifahının yaxşılaşdırlması üçün hüquqi  baza möhkəm olmalıdır. Xatırladım ki, bütün dünyada sosial müdafiənin həmrəylik, islam, sosialist kimi modelləri var. Məsələn, islam modeli sosial müdafiədə nədir? Bu modeldə sosial müdafiə elə qurulub ki, ora heç kim müdaxilə etmir, cəmiyyət özü özünün sosial müdafiəsini təmin edir. Buna Avropada libertarizm deyirlər. Hamı bilir ki, İslamda  fitrə, sədəqə, zəkat kimi anlayışlar var və hesab olunur ki,  əlilə kömək edən  savaba qovuşar. Bu kimi təbliğata da ehtiyac böyükdür. Amma bizim bu gün qeyd etdiyimiz model beş mərhələli maraqlı bir model olan Avropa modelidir. Ümumiyyətlə, dövlət elə qanunlar qəbul etməlidir ki,  insan özü özünü müdafiə edə bilsin. Ondan başqa bizdə sosial xidmət mexanizmi inkişaf etməlidir. Əsasən də II qrup əlillərin xidmət məsələləri. Məlumat üçün qeyd edim ki, Macarıstanda sosial müdafiə ilə Əmək və Sosial Müdafiə Nazirliyi məşğul olmur. Orada bu işlə  qeyri-hökumət təşkilatları məşğul olur. Ölkə büdcəsinə ayrılan vəsait  tenderə təqdim olunur, QHT-lər tenderdə iştirak edərək qalib olduqdan sonra sosial müdafiəni təşkil edirlər. Bir şeyi də qeyd edim ki, bu gün  cəmiyyətin sosial cəhətdən az qorunan hissəsi əlillər olsa da, onlara istehlak mədəniyyəti, şükranlıq mədəniyyəti təbliğ olunmalıdır. Bəzi hallarda əlillər üçün əgər ev alınırsa, sabahısı gün ev əşyaları və daha sonra digər şeylər tələb etməyə başlayırlar. Bəzən iddialıqdan kənar olmaq lazımdır. Buna görə də əlillər arasında bu  kimi ideyaların da təbliğinə ehtiyac var.

 

- Əlillərin üzləşdiyi əsas problemləri nələrdə görürsünüz?

 

- Etiraf edək ki, bu gün rayonlarda sosial reabilitasiya mərkəzləri işləmir. Təbii ki, belə olduğu halda əlillərin reabilitasiyasında problemlər yaranır. Həmçinin  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillər üçün putyovka ayrılsa da onların qiyməti bu günkü bizim bazar qiymətlərinə yaxın gəlmir. Həmin putyovkaların günlük qiyməti 12 manatdır və aydın məsələdir ki, bu məbləğ çox azdır. Eləcə də ictimai yerlərdə, nəqliyyatda, müxtəlif müəssisələrdə əlillərin rahatlığı təmin olunmayıb. Belə yerlərin pilləkənlərinda, girişində fiziki cəhətdən qüsurlu olan insanlar üçün lazımi şərait yaradılmayıb. Həmçinin əlillərə cəmiyyətdə münasibət dəyişməlidir. Bu gün orta məktəblərdə kasıb uşağına yuxarıdan aşağı baxmaq kimi eybəcər elementlər əmələ gəlib. Burada yenə də milli-mənəvi dəyərlərə, İslam dininin müsbət pozitiv elementlərinə və mərhəmət hisslərinə söykənmək lazımdır.

 

- Bu gün bir çox əlillər işləmək arzusundadırlar. Əsasən nəzərə alsaq ki, gənc əlillərin müxtəlif komlekslərindən azad olmaları, özlərini vətəndaş kimi təsdiqləmələri üçün onların işləmələri vacibdir. Lakin bu arzusu olan əlillərin əlillik dərəcəsini müəyyən edən sənəddə əmək qabiliyyətsizliyinin yazılması onları işləməkdən məhrum edir. Bu istiqamətdə dövlət tərəfindən hansısa işlər görülürmü, hansı addımları vacib hesab edirsiniz?

 

 - Bəli, bu belədir. Çox zaman işləmək arzusunda olan əlilliyi olan gənclər işsiz qalır. Lakin belə gənclərə yaxşı olar ki, əlil cəmiyyətləri, mərhəmət hüquqlu insanlar  kömək etsinlər. Bəzi hallarda isə elə əlillər olur ki, onların işləməsi mümkün deyil. Məsələn, gözü görməyən insan gələrək hansısa müəssisədə gözətçi işləmək istəyir. Təbii ki, bu mümkün deyil. Lakin buna baxmayaraq bu işlərdə, əlillərin məşğulluq məsələsində bir təsnifatlaşma, xüsusi normativlər olmalıdır. Lakin onu da deyim ki, bu gün rüşvətlə əlillik dərəcəsi alanlar da var. Buna qarşı da ciddi mübarizə aparılmalıdır. Elə hallar indi çox olsa da bu iş gizli aparıldığından heç kim xəbər tutmur və cəzalandırılmamış qalır. Əslində yalandan əlillik dərəcəsi alan adamlar İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyətə cəlb olunur. İki ildən bir əlliliyin təzədən yoxlanılması da buna xidmət edir.

 

- Əlillərlə bağlı qanunun hansı əlavə və dəyişikliklərə ehtiyac var və müvafiq qurulardan əsasən hansı təklifləri alırsız?

 

 - Zaman –zaman həyata keçən reallıqlar, proseslər, ictimai birliklərin təşəbbüsləri, maliyyə imkanları  qanunlarımızda bir sıra əlavələr və dəyişikliklər etməyə zəmin yaradır. Əsas təkliflər isə əlilliyin müavinətinin artırılması, dəqiq əlilliyin uçotunun aparılmasıdır. Qarabağ veteranlarının bir dəfə yenidən uçotunu aparmaqla onların sayı nə qədər azaldı. Bu da onun göstəricisidir ki, rüşvətlə əlillik alanlar  çoxdur. Həmin adamlardan pullar alınmalı və həqiqi əlillərə verilməlidir.

 

 

Günay Bünyadzadə

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 4726 dəfə oxunub




Flag Counter