06 İyun 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/12/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Şuranın dəstəyi ilə yekun tədbir keçirmişdir


“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi

Şuranın dəstəyi ilə yekun tədbir keçirmişdir

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsinin yekunlarına və I qrup əlilliyi olan istedadlı yazıçı Samir İmanovun “Hədəfdəki insan” romanının  təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri, layihənin kordinatoru Ramilə Mahmudova rəhbərlik etdiyi təşkilatın məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına məlumat vermişdir. O bu layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü  bildirmişdir. Birliyin sədri qeyd etmişdir ki, həyata keçirdikləri layihənin əsas məqsədi əlilliyi olan şəxslərin (ƏOŞ) hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Tədbirdə çıxış edən layihənin hüquqşünas-eksperti, əmək və sosial təminat hüquqları üzrə tanınmış alim, BDU-nin professoru Mayis Əliyev bildirmişdir ki, 4 ay müddətində icra olunmuş bu layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən buklet nəşr edilmiş, onların  hüquqları ilə bağlı Bakıda və ölkəmizin daha 4 inzibati ərazi vahidində (Gəncə, Şirvan şəhərləri, Abşeron və Qazax rayonları) əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və müvafiq QHT üzvlərinin iştirakı ilə dəyirmi masalar, ictimai müzakirələrin təşkil edilməsi nəzərdə tutulmuş və icra olunmuşdur.  Belə ki, Abşeron rayonu Xırdalan şəhərində 27 oktyabr, Şirvan şəhərində 15 noyabr, Gəncə şəhərində 18 noyabr və Qazax rayonunda 19-20 noyabr 2013-cü il tarixlərində “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda keçirilmiş ictimai məlumatlandırma tədbirləri bu qəbildəndir.

Tədbir iştirakçılarına layihənin icrası müddətində  adı çəkilən şəhər və rayonlarda əhali ilə keçirilən görüşlər zamanı əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə, QHT üzvlərinə və digər insanlara göstərilmiş hüquqi yardım, həmin şəxslərin hüquqlarının aidiyyəti  dövlət qurumlarında və məhkəmə orqanlarında müdafiə edilməsi üçün göstərilmiş zəruri köməklik (121  nəfər əlilliyi olan şəxsə pensiya təminatı, sosial yardım, sosial müavinət, düzgün tibbi-sosial ekspertiza aparılaraq əlillik dərəcəsinin təyini, alimentin alınması, torpaq məsələsi və s. problemlərlə bağlı ərizələrin yazılması, müraciətlərin edilməsi), bundan əlavə əlilliyi olan şəxslərin hüquqlarına dair müvafiq normativ-hüquqi bazanın,  sosial məsələlərlə bağlı müxtəlif dövlət proqramlarının təhlil edilməsi və onların səmərəli icrası ilə bağlı təkliflərin hazırlanması barədə ətraflı məlumat vermişdir.

Bu qəbildən olan şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq hazırlanaraq bu gün ictimai müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim ediləsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Tədbirdə I qrup əlilliyi olan istedadlı yazıçı Samir İmanovun “Hədəfdəki insan” romanın  təqdimatı da keçirilmişdir. Tanışlıq üçün qeyd edək ki, Samir İmanov 1981-ci il avqustun 27-də Sumqayıt şəhərində anadan olmuşdur. Anadangəlmə iflicin “paraplegiya” növündən əziyyət çəkdiyinə görə I qrup əlilliyi olmasına baxmayaraq çox istedadlı bir yazıçıdır. Təhsilini Sumqayıt şəhər evdə təhsil məktəbində almış S. İmanov  Azərbaycan, rus, türk və ispan dillərini bilir. Şahmat oynamağı və futbola baxmağı sevir. Hal-hazırda heç bir yerdə işləmir.

Samir İmanov mövzusuna və süjet xəttdinə görə Azərbaycanda bir ilk olan “Hədəfdəki insan” romanı barədə məlumat verərək bildirdi ki, əsərdə əlilliyi olan insanların həyatda qarşılaşdıqları problemlərdən, onların həyat tərzindən, istək və arzularından, digər insanların onlara qarşı olan münasibətindən bəhs edilir. Əsərin baş qəhrəmanı isə elə Samirin özüdür. Romanda belə təsvir olunur ki, Samir, qəza nəticəsində bütün ailə üzvlərini itirməsinə və əlilliyi olan şəxs olmasına baxmayaraq, özündə güc taparaq bu qəbildən olan insanların cəmiyyətə daha yaxşı inteqrasiya olunmaları, onların əlilliyi olmayan insanlardan asılılıqlarını aradan qaldırmaq məqsədilə böyük bir mərkəzin yaradılmasına nail olur. Lakin əlilliyi olan insanları oğurlayaraq onların daxili orqanlarını satan beynəlxalq cinayətkar qrupun rəhbəri Samirin etibarını qazanaraq onun yanında işləməyə nail olur. Bundan sonra isə mərkəzə üzv olan bütün əlilliyi olan şəxslərin həyatı təhlükə altında düşür. Qrupun əməllərindən xəbər tutan Samir, əlilliyi olan bir insan olmasına və cinayətkarlar tərəfindən əsir götürülməsinə baxmayaraq onları məhv etməyi qarşısına məqsəd qoyur. Əlilliyi olan şəxsləri həyatın zirvəsinə qaldırmaq istəyən Samirlə, onları dünyanın ən lazımsız varlıqları hesab edən cinayətkar qrup arasında amansız mübarizə başlayır. Sonda haqq-ədalətin qalib gəldiyi əsərdə əsas hadisələr Azərbaycan, Türkiyə, Rusiya, Argentina və İspaniyada cərəyan edir. Bu əsərdə əsas məqsəd əlilliyi olan insanlarda özünəinam hissi yaratmaq və fiziki vəziyyətlərindən asılı olmayaraq hər zaman uğur qazanmağın mümkün olduğunu onlara başa salmaqdır.

Təqdim edilən kitab barədə öz fikirlərini bölüşən Birliyin sədri Ramilə Mahmudova və digər natiqlər istedadlı yazıçı Samir İmanovun  “Hədəfdəki insan” romanının nümunəvi əhəmiyyətindən, onun əhali, xüsusilə də yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsinin zəruriliyindən danışmış və müəllifi əsərin işıq üzü görməsi münasibətilə təbrik etmişlər. Vurğulanmışdır ki, bu kitabının satışının təşkilinə dəstək verilməsi müəllifin yazdığı digər əsərlərin də işıq üzü görməsinə və onun maddi güzəranın yaxşılaşmasına zəmin yaratmış olardı. 

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov əlilliyi olan insanların hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf perspektivləri, onların pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsi məsələləri barədə hüquqi maarifləndirmə xarakterli məlumatlar vermiş, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olmasının vacibliyini, aidiyyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının əhəmiyyətini vurğulamışlar.

Tədbir iştirakçılarının mövzu ilə bağlı çoxsaylı sualları Birliyin sədri,  layihənin kordinatoru Ramilə Mahmudova və layihənin hüquqşünas-eksperti,  professor Mayis Əliyev tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparılmış, həlli vacib olan bir sıra problemlərin aradan qaldırılması ilə bağlı səmərəli təkliflər irəli sürülmüş, əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından bu kimi layihələrin davamlı şəkildə, xüsusilə də regionlarda keçirilməsinə böyük ehtiyac olduğu bildirilmişdir.

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin adı çəkilən layihə çərçivəsində nəşr etdirdiyi əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi ilə bağlı ümumi xarakterli qısa məlumatları özündə əks etdirən buklet və sosial hüquqlarla bağlı qanunvericilik aktları yazılmış CD-lər iştirakçılar arasında paylanılmışdır.

Mətbuat xidməti

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2489 dəfə oxunub




Flag Counter






» 3/6/2020- Müyəssərlik modeli

» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma

» 25/5/2020- COVİD-19 koronavirusla əlaqədar əlilliyi olan şəxslər üçün təlimat. ZOOM OHCHR

» 22/5/2020- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib.

» 21/5/2020- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib.

» 12/5/2020- "Jest dilində məlumatlandırma" video roliki

» 8/5/2020- İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı

» 7/5/2020- Baş Prokurorluğun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinin M Ə L U M A T I

» 5/5/2020- 5 may

» 5/5/2020- Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

» 4/5/2020- Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər

» 2/5/2020- Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

» 2/5/2020- Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq

» 1/5/2020- Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

» 28/4/2020- "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.

» 23/4/2020- Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

» 19/4/2020- Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

» 18/4/2020- İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü