XƏBƏRLƏR




- 11/6/2014 Azay Quliyev MQF-ni təbrik etdi
Azay Quliyev MQF-ni təbrik etdi
Hörmətli həmkarlar !Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun 15 illik yubileyi münasibəti ilə qurumun rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edirəm.
11 iyun 1999-cu ildə Azərbaycan höküməti ilə BMT İnkişaf Proqramının müştərək fəaliyyəti nəticəsində təşkilatı zərurət kimi yaranmış Milli QHT Forumu (MQF) tezliklə ölkəmizdə ictimai sektorun bayraqdarına çevrilərək yüzlərlə QHT-nin fəaliyyətini əlaqələndirməyə başladı. Bu gün ölkəmizin ən böyük QHT alyansı olan MQF Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verməkdə davam edir.
QHT hərəkatının kütləviləşməsi,QHT qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, təşkilatların bilik və bacarıqlarının artırılması, onların maddi-texniki imkanlarının genişləndirilməsi, nəhayət, ictimai sektora dövlət dəstəyinin verilməsinə milli donor institutunun formalaşdırılması MQF-nin yerli və beynəlxalq təşkilatlarla, dövlət və hökümət strukturları ilə birgə yerinə yetirdiyi davamlı fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu vacib missiyanın yerinə yetirilməsində Forumun üzvü olan bütün təşkilatların, eləcə də onların rəhbərliyinin müstəsna xidmətləri var.
Əziz dostlar !
Ötən 15 il ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması və möhkəmləndirilməsi baxımından bizim hamımız üçün məhsuldar bir dövr olmuşdur. Bu gün Azərbaycan QHT-ləri cəmiyyətin ən fəal və mütəşəkkil qüvvəsi kimi ölkə həyatının bütün sahələrində öz güvvə və bacarıqlarını nümayiş etdirmək imkanına malikdirlər. Bu uğurlarda, heç şübhəsiz, MQF-nin də özünəməxsus payı var. Əminəm ki, Cənab Prezident İlham Əliyevin ictimai sektora göstərdiyi qayğı və diqqət bizi bundan sonra da böyük əzmkarlıqla işləməyə, yerinə yetirdiyimiz layihələrin effektivliyini artırmağa ruhlandıracaq cəmiyyətimizin maraqları naminə fəaliyyətimizdə bizə daim dəstək olacaqdır.
Sizə bu yolda yeni-yeni nailiyyətlər arzulayiram !
Hörmətlə,
Azay Quliyev
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri
Bu xəbər 2428 dəfə oxunub