XƏBƏRLƏR
- 14/6/2017 Əlilərin Cəmiyyətə İnteqrasiyası ictimai birliyi “İdrak” liseyində
Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına dair
növbəti ictimai maarifləndirmə tədbiri Sumqayıt şəhərindəki
“İdrak” liseyində baş tutub
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsinin icrası çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Sumqayıt şəhərində yerləşən “İdrak” liseyində baş tutub.
Lisey rəhbərliyinin, müəllim, şagird və valideynlərin, QHT nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan birliyin sədri, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə onları səmimi qəlbdən təbrik edərək xoş arzularını çatdırıb, eyni zamanda müasir dövr üçün aktual olan belə bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Təhsil Şöbəsinə, habelə “İdrak” liseyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, hazırda uğurla icra edilən bu layihənin əsas məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva tərəfindən əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların sosial-hüquqi müdafiəsi və onların reabilitasiyası məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı böyük minnətdarlıq hissi ilə diqqətə çatdırılıb. Bu sahədə vətəndaş cəmiyyəti institutları, o cümlədən əlilliyi olan şəxsləri təmsil edən QHT-lər, sosial yönümlü mövzuları işıqlandıran KİV-lər, habelə təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətli olduğu vurğulanıb.
Layihəyə ekspert qismində cəlb edilmiş sosial iş üzrə mütəxəssis Elmir Valehli öz təqdimatında əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra R.Rasimqızı əlilliyi olan insanların hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılması baxımından mühüm önəm kəsb edən bir neçə kitabın müəllifi, bir çox yazı müsabiqələrinin qalibi, dəfələrlə Fəxri Fərman, Diplom və digər mükafatlarla təltif edilmiş Sumqayıt şəhər sakini, I qrup əlilliyi olan istedadlı yazıçı Samir İmanovu tədbir iştirakçılarına təqdim edib.
S.İmanov isə öz çıxışında bildirib ki, bu günədək o əliliyi olan şəxsləri təmsil edən QHT-lərlə əməkdaşlıq edərək müxtəlif ictimai vəzifələri yerinə yetirib, əlilliyi olan şəxslərlə ünsiyyətdə ümumi etket qaydalarından bəhs edən qısa filmin ssenari müəllifi və rəhbəri, eyni zamanda onlar üçün yazılmış müsiqinin sözlərinin müəllifi, habelə www.qartal.org saytının rəhbəridir. O qeyd edib ki, son illərdə zərurətdən doğan bir ehtiyac olaraq qələmə aldığı “Hədəfdəki insan”, “Mənim hədəfim” və “Özünlə fəxr et” adlı kitablarında əlilliyi olan insanlarda özünəinam hissi yaratmağa, fiziki vəziyyətlərindən asılı olmayaraq onlarda hər zaman uğur qazanmağın mümkünlüyünə əminlik düyğusu, cəmiyyət üçün töhfələr vermək istəyi aşılamağa çalışıb və bu istiqamətdə yaradıcı fəaliyyətini hazırda da əzmkarlıqla davam etdirir, həyatdakı devzi isə belədir: “Fiziki vəziyyətin necə olursa olsun, özünlə fəxr et”.
Ümumtəhsil müəssisəsinin direktoru Xanım Alışov və digər tədbir iştirakçıları Şuranın dəstəyi ilə icra olunan bu layihə çərçivəsində Sumqayıt şəhərində yerləşən “İdrak” liseyində belə bir əhəmiyyətli tədbirin keçirilməsini yüksək qiymətləndirərək öz təşəkkürlərini bildiriblər.
|
Mətbuat xidməti
Davud Rəhimli
Bu xəbər 3674 dəfə oxunub