XƏBƏRLƏR




- 6/5/2018 Mayın 6-da Bakıda “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisi keçirilib.
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Bakıda “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
AICC-in rəhbəri Güləli Bağırov sərgini açaraq bildirib ki, son illərdə Azərbaycanda turizmin inkişafının dövlət tərəfindən dəstəklənməsi və ölkəmizin dünyada tanıdılmasına böyük önəm verilir. Ölkə ərazisindəki istirahət zonaları, yeni tikilən əyləncə və idman mərkəzləri, turizm kompleksləri bu dəstəyin bariz nümunələridir. Turizmin təşviqi ilə bağlı mühüm işlər görülür, islahatlar aparılır, dövlət proqramları qəbul edilir. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər, idman yarışları həm də turizmin inkişafına böyük töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu mühüm tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb. Bunun nəticəsidir ki, beynəlxalq turizm bazarına inteqrasiya ildən-ilə daha da sürətlənir.
Güləli Bağırov inandığını bildirib ki, “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisi ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərə töhfə verəcək.
Tədbirin iştirakçılarından biri olan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli çıxışında tədbirin əhəmiyyəti və inkluziv turizm barədə məlumat vermişdir.
Vurğulanıb ki, “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisində 30-dan çox şirkət iştirak edir. Sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri və ən əsası, çoxdan gözlənilən tibbi və sağlamlıq turizmi sektoru da təqdim olunur. Azərbaycan, Türkiyə, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand və digər ölkələr sərgidə təmsil olunurlar.
Sonda fəallığı ilə seçilən könüllülər mükafatlandırılıblar. Eyni zamanda, ziyarətçi kimi qeydiyyatdan keçmiş şəxslərə təqdim olunan kupon vasitəsilə onlara hədiyyələr verilib.
Bu xəbər 2330 dəfə oxunub