XƏBƏRLƏR




- 29/5/2018 “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə
Press reliz
Şuranın dəstəyi ilə Qusar rayonunda maarifləndirmə
tədbiri keçirilib
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə aksiyalarının keçirilməsi” adlı layihəsi çərçivəsində uşaqların, uşaq polis inspektorlarının, Qusar Rayon İcra Hakimiyyəti Aparatının müvafiq əməkdaşlarının, valideynlərin, müəllimlərin və yerli icmaların iştirakı ilə Qusar rayonunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi, şagirdlər və müəllimlər iştirak edib.
Daha sonra təşkilatın eksperti Asəf Kərimov belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Qusar Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
O, qeyd edib ki, layihənin məqsədi regionlarda yaşayan uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, pis vərdişlər, narkomaniya, alkoqolizm, vərəm, hepatit virusları, İİV/QİÇS, cinsi yolla yoluxan xəstəliklər və digər bu kimi xəstəliklər və onların fəsadları, habelə tütünçəkməyə meylliliyin insanın sağlamlığına təsiri ilə bağlı təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil etməklə Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edən problemin həllinə dəstək verməkdən ibarətdir.
Diqqətə çatdırılıb ki, bu gün uşaq və gənclərin hüquq və azadlıqlarının müdafiəsi, gələcək inkişafının təmini sahəsində dövlət tərəfindən müəyyən edilən əsas vəzifələrdən biri uşaq və gənclərin sağlamlığının qorunması, onların pis vərdişlərdən uzaq olaraq idmana, sağlam həyat tərzinə meyllərinin artırılmasından ibarətdir. Təbii ki, bu işdə vətəndaş cəmiyyəti institutları da davamlı fəaliyyət göstərməlidirlər. Şagirdlərə sağlam həyat tərzinə yiyələnməyin üsulları, yoluxucu xəstəliklər və onların fəsadları barədə geniş məlumat verilib.
A.Kərimov öz çıxışında rəsmi məlumata görə, bu il nikaha daxil olmaq istəyən 127.173 nəfərin tibbi müayinədən keçdiyini və onlardan 13794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 nəfərdə isə QİÇS aşkar edildiyini bildirib. O, daha sonra qeyd edib ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyəsində, sözügedən problemin aktuallığı nəzərə alınaraq “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da dövlətimiz tərəfindən immunoprofilaktika, vərəm, QİÇS və s. bu kimi sosial xəstəliklərə qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya maarifi işi, narkomaniya, alkoqolizmə və tütünçəkməyə qarşı mübarizəsini müxtəlif dövlət proqramları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən Qusar rayon 4 saylı tam orta məktəbin nümayəndəsi Şəfiqə Tağıyeva qeyd edib ki, sağlam həyat tərzi üçün şərait və imkanların yaradılması, əhalinin öz sağlamlığı üçün məsuliyyətinin və marağının artırılmasından ötrü maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu baxımdan hesab edirəm ki, Qusar rayonunda daha çox uşaq və gənclərin iştirakı ilə keçirilən bu maarifləndirmə tədbiri Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edən problemlə mübarizənin gücləndirilməsinə öz tohfəsini verəcəkdir.
Uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği məsələləri ilə bağlı geniş müzakirələr aparılmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülmüşdür.
Mətbuat xidməti
Bu xəbər 2771 dəfə oxunub