20 Avqust 2017-ci il

Əsas Səhifə Webmail


MÜSAHİBƏLƏR

11px13px15px17px
**


 

 Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasında

Ombudsmanın rolu və fəaliyyəti

 

Azərbaycan Respublikası Prezidentinin insan və vətəndaş hüquqlarının  daha effektiv təmininə diqqətinin nəticəsi olaraq, hələ 1998-ci il 22 fevral və 1998-ci il 18 iyun tarixli Fərman və Sərəncamlarında İnsan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdur. Ümummilli liderin rəhbərliyi ilə bu sahədə aparılan hüquqi islahatların məntiqi nəticəsi kimi 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan  Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu  qəbul edilmişdir. Müvəkkii  təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza yaradılmış, 2 iyul 2002-ci il tarixdə Azərbaycanın ilk Ombudsmanı seçilmişdir.

Beləliklə də, Ümummilli liderimizin xeyir-duası ilə respublikamızda da digər inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi ombudsman institutu təsis edilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilmişdir. Qanunvericilik Ombudsmana hüquqi dövlət quruculuğunda və hüquqi dövlətin mühüm prinsiplərinin qorunması sahəsində geniş səlahiyyətlər vermişdir.

Müvəkkil fəaliyyəti dövründə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial vəziyyətini, onların hüquqlarının müdafiəsi ilə bağlı məsələləri həmişə diqqət mərkəzində saxlamış, Konstitusiya Qanunu ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əhalinin diqqət və qayğıya daha çox ehtiyacı olan bu qrupunun problemlərinin mümkün qədər həll edilməsi, beləliklə də cəmiyyətə inteqrasiya olunmaları məqsədi ilə aidiyyəti dövlət qurumları qarşısında bir sıra əhəmiyyətli təkliflər irəli sürmüşdür.

İlk növdədə qeyd etmək istərdik ki, Müvəkkilin sərəncamı ilə əhalinin müxtəlif kateqoriyalarının hüquq və azadlıqlarının müdafiəsi işinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə, Ombudsman yanında mütəmadi fəaliyyət göstərən Aparatın əməkdaşları sırasından ixtisaslaşdırılmış əlillərin hüquqları üzrə müşavirin təyin edilməsi əhalinin bu qrupunun hüquqlarının qorunması və umumiyyətlə bu sahədə mövcud vəziyyətin təhlil edilərək öyrənilməsinə zəmin yaratmışdır.

Ölkə Ombudsmanı 2006-cı ildən etibarən illik məruzələrində BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixində qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya və bu sənədin Fakültativ Protokolunun dövlətimiz tərəfindən imzalanmasını, sonrakı mərhələdə isə ratifikasiya edilməsini təklif etmiş və əlillərin ictimai təşkilatları ilə əməkdaşlıqda müntəzəm olaraq maarifləndirici xarakterli təşviqat işləri aparmış, müxtəlif tədbirlər həyata keçirmişdir. Təqdirəlayiq haldır ki, Müvəkkilin irəli sürdüyü bu təklif də müsbət qarşılanmış və dövlətimizin əlilliyi olan insanlara diqqəti nəticəsində adı çəkilən Konvensiya və onun Fakültativ Protokolu öncə 9 yanvar 2008-ci il tarixdə ölkəmizin BMT yanında daimi nümayəndəsi tərəfindən imzalanmış, daha sonra isə Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən müvafiq bəyanatla ratifikasiya edilmişdir. Artiq hər iki sənəd ölkəmizə münasibətdə 28 yanvar 2009-cu il tarixdən qüvvədədir. Azərbaycan hökuməti tərəfindən Konvensiyanın 35.1-ci maddəsinə əsasən 2011-ci ilə qədər Əlillərin hüquqları üzrə Komitəyə Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər və Konvensiyanın qüvvəyə minməsindən sonra əldə edilmiş nəticələr barədə ətraflı məruzə təqdim edilməlidir.

Müvəkkilin  illik məruzələrində əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı tibbi sosial ekspert komissiyalarında vətəndaşlara qarşı yol verilən neqativ hallarla əlaqədar zəruri tədbirlərin görülməsi, dayaq-hərəkət sistemi pozulmuş və buna görə də araba ilə hərək etmək məcburiyyətində olan əlillərin sərbəst hərəkət etməsi üçün küçələrdə, yolüstü və yolaltı keçidlərdə pandusların qurulması, ictimai nəqliyyat parkının yeniləşdirilməsi zamanı müasir beynəlxalq standartlara cavab verən, hərəkəti məhdud olan insanlar üçün də münasib şəraitə malik, xüsusi vasitələrlə təchiz olunmuş avtobusların alınması, araba ilə hərəkət edən əlillər üçün münasib hündürlükdə telefon avtomatlarının quraşdırılması və bütün rabitə müəssisələrinin yerləşdiyi binaların giriş hissəsndə pandusların qurulması, eşitmə qabiliyyətini tam və ya qismən itirmiş əlillərin zəruri informasiya ilə təmin edilməsi sahəsində problemlərin həlli məqsədilə ictimai əhəmiyyəti olan informasiya və digər televiziya verilişlərinin, o cümlədən əlillərin cəmiyyətə inteqrasiyası problemlərini işıqlandıran proqramların subtitrləşdirilməsi üçün tədbirlərin görülməsi, əlillərə ünvanlanmış publisistik, təhsil, elmi-kütləvi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni-maarif yönümlü teleradio proqramlarının hazırlanması, paytaxtın nəqliyyat vasitələrinin hərəkət intensivliyi yüksək olan küçə və prospektlərində gözdən əlillər üçün səsli işıqforların və əlavə yol nişanlarının quraşdırılması, əlilliyi olan insanların xəstəliyi və funksional pozuntuları nəzərə alınmaqla yeni yaşayış binalarının tikilməsi və onların mənzillə təmin olunması, əlillərin digərləri ilə bərabər səviyyədə inklyüziv, keyfiyyətli təhsil almaq imkanlarına malik olmalarının təmin edilməsi və s. irəli sürdüyü təklifləri aidiyyəti dövlət qurumları tərəfindən müsbət qarşılanmış  və zəruri tədbirlər görülmüşdür.

Müvəkkil ötən illik məruzəsində də bir sıra təkliflərlə çıxış etmişdir. Ölkəmizin Avropa Sosial Xartiyasının “Əlil şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququ”ndan bəhs edən 15-ci maddəsinə qoşulması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsində ictimaiyyətin iştirakını təmin etməklə şəffaflğın təmin edilməsinə nail olmaq məqsədilə tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, BMT-nin yeni qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyasında təsbit olunmuş müddəalar nəzərə alınmaqla müvafiq dövlət proqamının hazırlanması, əlillərin və sağlamliq imkanları məhdud uşaqların hüquqları sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün ixtisaslaşmış mətbu orqanların yaradılmasına və fəaliyyətinə  dəstək verilməsi, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi şəraitin yaradılması, əlil arabasında hərəkət edən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların şəhər nəqliyyatından istifadəsini asanlaşdırmaq məqsədilə xüsusi şəraitə malik olan taksilərdən istifadənin təmin edilməsi və. s təklifləri bu qəbildəndir.

Müvəkkilin təklifi ilə dövlət başçısı tərəfindən 2009-cu il ölkədə “Uşaq ili” elan edilmiş və bununla əlaqədar müvafiq tədbirlər planı təsdiq edilmişdir ki, həmin sənəddə sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin əks olunması mühüm əhəmiyyət kəsb edir.

Müvəkkil müntəzəm olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və  Təhsil Nazirliyinin tabeliyində olan müalicə və təhsil müəssisələrində olmuş, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların vəziyyəti ilə maraqlanmış, onların məişət şəraitinin, sosial problemlərinin, təhsil və sağlamlıq hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə öz tapşırıq və tövsiyələrini vermişdir.

Azərbaycan Ombudsmanı öz fəaliyyətində vətəndaş cəmiyyəti ilə əməkdaşlığa həmişə böyük önəm verir. Belə ki, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planınına uyğun olaraq Ombudsman təsisatında dövlət və qeyri hökumət təşkilatlarından ibarət tərkibdə yaradılmış beş altqrupdan biri də “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi” adlanır və burada Əlil Təşkilatları İttifaqının prezidenti,  Ombudsman yanında Müstəqil Ekspertlər Şurasının üzvü Davud Rəhimov nümayəndə qismində təmsil olunur.

Ötən dövrlərdə Müvəkkil MFP-nın təbliği məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hüquq-mühafizə və digər müvafiq dövlət orqanlarının, bələdiyyələrin, QHT və KİV-lərin nümayəndələrinin iştirakı ilə ölkəmizin bütün regionlarını əhatə etməklə ictimai dinləmələr keçirmiş, həmin tədbirlərdə əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarıdan biri kimi əlillərin də hüquqlarının təmini məsələlərinə diqqət yetirilmişdir.

Müvəkkil ölkədə əlillərin hüquqlarının müdafiəsi işinin daha da təkmilləşdirilməsinə, bu sahədə fəaliyyət göstərən dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə, dövlətin və cəmiyyətin diqqətini bu qəbildən olan insanların problemlərinin həllinə cəlb etməklə onların konstitusion hüquqlarının daha səmərəli təmininə nail olmaq imkanlarının birgə müzakirə edilməsinə yönəlmiş digər tədbirlərin də keçirilməsinə böyük önəm vermişdir. Belə ki, ötən dövrdə Müvəkkilin təşəbbüsü ilə, Milli Məclisinin deputatlarının, aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, xüsusən də Əlil Təşkilatları İttifaqı və digər QHT və KİV-lərin, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 3 Dekabr – “Beynəlxalq Əlilliyi olan İnsanlar Günü” və 5 May – “Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günü” və digər bu kimi günlərdə birgə “Əlillərin hüquqlarının müdafiəsində dövlət və qeyri-hökumət təşkilatlarının rolu”, “Əlillərin hüquqlarının müdafiəsi işinin təkmilləşdirilməsi perspektivləri”, “Sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərək”, “HİV/AİDS və narkomaniyaya qarşı birgə mübarizə insan hüquqlarının təmininə xidmət edir” mövzusunda dəyirmi masalar, HİV/AİDS problemi insan hüquqları baxımından” mövzusunda seminar keçirilmiş, həmçinin “İnsan hüquqları və HİV/AİDS-in qarşısının alınması”, “Əlilliyi olan insanlar üçün bərabər hüquqlar və bərabər imkanlar”, “Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası: problemlər və perspektivlər”, “Əlillərin hüquqları haqqında Konvensiya: ləyaqət və ədalət hamı üçün” mövzusunda konfranslar təşkil olunmuşdur. Həmin konfransların materialları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Əillərin hüquqları” adlı kitab kimi,  eyni zamanda “Əlillərin hüquqları haqqında Konvensiya: hamı üçün bərabər hüquqlar və bərabər imkanlar”, “HİV/AİDS haqqında məlumat” adlı liflet və müxtəlif şuarlar yazılmış eyni məzmunlu plakatlar çap edilərək əhali arasında yayılmışdır.

Hazırda Müvəkkil öz fəaliyyətini müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti, xüsusi ilə də əlillər və onları təmsil edən QHT-lərlə, o cümlədən Əlil Təşkilatları İttifaqı ilə qarşılıqlı əməkdaşlıq əsasında şəbəkə şəklində davam etdirir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 6602 dəfə oxunub




Flag Counter