BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.

Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Nazir qeyd edib: “Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”.

Azərbaycanı COP29-un ev sahibi ölkəsi kimi dəstəkləmək qərarına görə Şərqi Avropa Qrupu dövlətlərinə dərin minnətdarlığını ifadə edən M.Babayev zəngin mədəni irsi və dinamik enerjisi ilə ölkəmizin dünya ictimaiyyətinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacağını qeyd edib.

“Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik”, - deyən nazir COP28-in bütün iştirakçılarına və təşkilatçılara bir daha təşəkkür edib.