Müyəssərlik
Bakı Stadionu
Biz tədbirin keçiriləcəyi məkanda maneəsiz infrastruktur yaratmaqla yanaşı, asan naviqasiya üçün müyəssər istiqamətləndirmə və yerüstü dəstək xidmətlərini də təşkil etmişik. Sizin rahat və müyəssər istifadə mühiti ilə təmin olunmağınız bizim üçün mühüm əhəmiyyət kəsb edir, belə ki, biz bütün insanların COP29 tədbirlərində fəal iştirak edə bilməsi üçün əlverişli mühit yaratmağa çalışırıq.
Konfrans məkanında əlilliyi olan şəxslər üçün müyəssər mühiti təmin etmək məqsədi ilə panduslar, xüsusi liftlər, inklüziv sakit otaq, xüsusi avtodayanacaq, xüsusi sanitar qovşaqları nəzərdə tutulub, eyni zamanda qapı lövhələrində Brayl əlifbası ilə hazırlanmış lövhələr, Mavi və Yaşıl Zonaların girişlərində taktil xəritələr yerləşdirilib.
Təkərli oturacaq istifadəçiləri
Tədbir məkanında (Mavi və Yaşıl Zonalar) təkərli oturacaq istifadəçilərinin maneəsiz hərəkətini təmin etmək məqsədilə keçidlərdə, giriş və çıxışlarda beynəlxalq standartlara uyğun ramplar və liftlər quraşdırılıb.
• Mavi Zonanın “A” sahəsində əlilliyi olan şəxslər üçün qeydiyyat masaları mövcud olacaq.
• Mavi Zonanın “A” (qeydiyyatdan sonra) və “C” (Xidmət qovşağı) sahələrində müyəssərliklə bağlı dəstək masaları fəaliyyət göstərəcək.
• Mavi Zonanın “A” sahəsində təkərli oturacaqların təmir mərkəzi fəaliyyət göstərəcək. Bu servisə yoxlama və ilkin texniki dəstək daxildir. Eyni zamanda, məkanda ehtiyat təkərli oturacaqlar mövcud olacaq.
• Tədbir məkanında (Mavi və Yaşıl Zonalar) təkərli oturacaq istifadəçilərinin rahat istifadəsi üçün beynəlxalq standartlara uyğun sanitar qovşaqlar quraşdırılıb.
• Yemək və qidalanma xidməti məkanında təkərli oturacaq istifadəçiləri üçün xüsusi ölçülərdə masalar mövcuddur.
• Aeroport-hotel-aeroport, hotel-tədbir məkanı-hotel istiqamətlərində təkərli oturacaq istifadəçiləri üçün taksilər fəaliyyət göstərəcək.
Görmə məhdudiyyətli şəxslər
• Mavi və Yaşıl Zonaların girişlərində görmə məhdudiyyətli şəxslərin ərazi ilə ilkin tanışlığı və rahat naviqasiyası üçün taktil xəritələr quraşdırılıb.
• Müyəssər dəstək masalarında Brayl əlifbası ilə hazırlanmış bukletlər paylanacaq.
• Mavi və Yaşıl Zonalarda qapı lövhələrinin üzərində Brayl əlifbası ilə yazılmış stikerlər yapışdırılıb.
• “COP29.az” veb-saytının tərtibində görmə məhdudiyyətli şəxslər üçün müyəssərliyin təmin olunması nəzərə alınıb.
• Məkanın dizaynı zamanı kontrast rənglərdən istifadə edilib. Şəffaf qapıların üzərində, pandus və pilləkənlərin başlanğıcı və sonunda sarı rəngdə stikerlər yapışdırılıb.
Eşitmə və nitq məhdudiyyəti olan şəxslər
COP29 “Plenar iclas zalı 1”də eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün 11-13 noyabr tarixlərində işarət dilində tərcümə. Eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün bütün zonalardakı sahələrdə induksiya sistemi quraşdırılacaq. İnduksiya döngələrini isə Mavi Zonanın “A” və “C” sahələrində yerləşən müyəssərliklə bağlı dəstək masalarından müvəqqəti istifadə üçün əldə etmək mümkün olacaq.
Autizm və digər neyro-inkişaf pozuntuları olan şəxslər
Mavi Zonanın “C” sahəsində inklüziv sakit otaq fəaliyyət göstərəcək. Mavi Zonanın “A” və “C” sahələrində günəbaxan lentləri sorğuya əsasən təqdim ediləcək.
Nəqliyyat
Tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müyəssər nəqliyyat variantları təmin ediləcək. Belə ki, əlilliiyi olan şəxslər də avtobus, taksi və metro xidmətindən istifadə edə biləcəklər.
Bakı Metropolitenindən isifadə qaydaları ilə tanış olmaq üçün aşağıda qeyd olunmuş linkə daxil olun: https://metro.gov.az/en/page/muddealar/elcatan-metro
Qonaqlama
Müyəssər qonaqlama yerlərinin siyahısı linkdədir.
İnformasiya
Gözlə görülə bilinməyən əlilliyi olan şəxslərin tədbirdə rahat hərəkəti və iştirakını təmin etmək üçün xüsusi günəbaxan simvollu lentlər mövcud olacaq.
Əlilliyi olan şəxslərə dəstək olmaq və qonaqpərvər, inklüziv mühiti təmin etmək üçün şirkətimizin əməkdaşları, avtobus sürücüləri, aeroportun yerüstü əməliyyat xidmətinin və aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları, tibb işçiləri, eləcə də könüllülər komandasına müvafiq təlimlər keçirilib.
İnklüzivliyi təmin etmək məqsədilə bütün görülən işlər və göstərilən xidmətlərin həyata keçirilməsinə müxtəlif kateqoriyalar üzrə əlilliyi olan şəxslər də cəlb edilib.
Sorğular, təkliflər və ya müyəssərliklə bağlı lazımi dəstək üçün accessibility@cop29.az elektron poçtu, operativ dəstək üçün +994 10 252 57 80 (zəng və ya “WhatsApp”) vasitəsilə COP29-un müyəssərlik komandası ilə əlaqə saxlamağınız xahiş olunur.