13. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2001-ci il


"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsində nəzərdə tutulmuş narkoloji xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısını və məhdudiyyətin müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- həmin Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş fondun əsasnaməsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş tibbi yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş insan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş detoksifikasiyanın keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 13.0-cı maddəsində nəzərdə tutulmuş xüsusi müşahidənin aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 14.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş narkoloji yardım sahəsində fəaliyyət göstərmək üçün xüsusi razılığın verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş narkoloji xidmət sahəsində sosial tədbirlər haqqında vahid dövlət proqramını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 19.6-cı maddəsində nəzərdə tutulmuş narkoloji xəstələrin qeydiyyatının aparılması qaydasını və onların qeydiyyatda olma müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş narkoloji xəstəliklərin profilaktikası üzrə vahid dövlət proqramını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 5.8-ci maddəsində (narkoloji xəstəliklərin siyahısının müəyyənləşdirilməsinə dair), 6.7-ci, 8.4-cü, 10.6-cı, 11.5-ci, 12.1-ci və 13.0-cı maddələrində, 14.2-ci maddəsinin ikinci cümləsində, 14.4-cü, 15.2-ci, 19.6-cı, 23.5-ci və 24.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[1]

həmin Qanunun 5.7-ci, 5.8-ci (narkoloji xəstəliklərin müalicə standartlarının müəyyənləşdirilməsinə dair), 5.9-cu və 7.5-ci maddələrində, 14.2-ci maddəsinin birinci cümləsində, 19.4-cü, 20.2-ci, 20.3-cü, 22.2-ci və 22.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;[2]

həmin Qanunun 7.4-cü və 22.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 14.3-cü və 19.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi həyata keçirir;

həmin Qanunun 17.0-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [3]

həmin Qanunun 7.3-cü və 21.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra
hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının yerli icra
hakimiyyəti orqanları həyata keçirirlər.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 17 sentyabr 2001-ci il
                      № 581

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 29 yanvar 2004-cü il tarixli 21 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 27)
  2. 22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459)
  3. 23 noyabr 2007-ci il tarixli 656 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1104)
  4. 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 29 yanvar 2004-cü il tarixli 21 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 27) ilə 2-ci bəndinin üçüncü abzasdan "8.4-cü," sözü çıxarılmışdır.

12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 2-ci bəndinin üçüncü abzasından “14.2-ci maddəsinin ikinci cümləsində,” sözləri çıxarılmışdır.

 

 

 

 

[2] 29 yanvar 2004-cü il tarixli 21 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 27) ilə 2-ci bəndinin dördüncü abzasda "və 8.2-ci maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilmişdir.

 

23 noyabr 2007-ci il tarixli 656 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1104) ilə 2-ci bəndinin dördüncü abzasında “5.9-cu maddəsində” sözləri “5.9-cu və 7.5-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459) ilə 2-ci bəndinin yeddinci abzasında «Nazirliyi və» sözləri «Nazirliyi,» sözü ilə əvəz edilsin və «öz səlahiyyətləri» sözlərindən əvvəl «və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi» sözləri əlavə edilmişdir.

 

 

 

 






Tarix:     udpo.az saytı Geri