1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1941-1945-ci illər müharibəsində Qələbənin 60 illik yubileyi ilə əlaqədar həmin müharibə veteranlarının, əlillərinin, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qərara alıram:
1. "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438, № 9, maddə 472; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 204 nömrəli Fərmanı) 1-ci bəndində aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1.1. ikinci abzasdan "Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara" sözləri çıxarılsın və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara - 130,0 min manat;";
2. Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, Böyük Vətən müharibəsi iştirakçılarına 500,0 min manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqradın mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə 200,0 min manat məbləğində birdəfəlik maddi yardım edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2005-ci il
№ 234