Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib


19.01.2016
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib (VİDEO)

 

   Səlim Müslümov: “20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım  ayrılıb”

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.
   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan tarixinə yalnız bir faciə günü kimi yazılmadığını, onun həm də xalqımızın müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu vurğulayıb: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin birbaşa göstərişi əsasında sovet hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla həyata keçirilən dəhşətli qətliam xalqımızın istiqlaliyyət əzmini sındırmağa, onun milli azadlıq ruhunu birdəfəlik məhv etməyə yönəlmişdi. Lakin sovet imperiyasının bu mənfur məqsədi puç oldu. 1990-cı ilin 20 Yanvar hadisələri əslində Azərbaycan xalqının müstəqillik arzusunu daha da gücləndirdi, xalqı bu arzusunu reallaşdırmaq üçün daha da səfərbər etdi”.
   Nazir bildirib ki, 20 Yanvar faciəsindən bir gün sonra Ümummilli lider Heydər Əliyev xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib: “Həmin gün Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına  qarşı həyata keçirilən qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi və sovet qoşunlarının dərhal respublikamızdan çıxarılmasını tələb kimi irəli sürməsi onun təkrarsız cəsarətinin, daim xalqa bağlılığının və sonsuz sədaqətinin növbəti tarixi təsdiqi oldu”. 
   S.Müslümov 1990-cı ilin 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması,  20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin təmin olunması istiqamətində Ulu öndərimiz tərəfindən görülən mühüm işləri diqqətə çatdırıb: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulub və abadlaşdırılıb. Həmçinin dövlət başçısının tapşırığı ilə Bakıda "20 Yanvar" dairəsində memorial abidə kompleksi yaradılıb. Bu gün 20 Yanvar əlilləri və şəhid ailələri bütün sahələrdə Prezidentin yüksək diqqət və qayğısı ilə əhatə olunublar”. 
   Nazir bildirib ki, Azərbaycan Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvləri ayda 300 manat Prezident təqaüdü ilə təmin olunurlar. Habelə 20 Yanvar əlillərinə aylıq sosial müavinətlə və ya əlilliyə görə əmək pensiyası ilə bərabər, aylıq Prezident təqaüdü də ödənilir. Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə həmin təqaüdlərin məbləği 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Digər tərəfdən, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə  kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq  sosial müavinətlər də verilir. 
   S.Müslümov digər müvafiq kateqoriyalardan olanlar sırasında 20 Yanvar əlillərinin və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqlarının təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyini bildirib: “Qeyd olunanlarla yanaşı, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 65 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 82 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib. Bu təbəqədən olan insanların bütün sahələrdə təminatlarının gücləndirilməsi, 20 Yanvar əlillərinin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. daim diqqətdə saxlanılır. Bununla yanaşı, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım  ayrılıb”. 
   Nazir 20 Yanvar şəhidlərinin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş bütün qəhrəman Azərbaycan övladlarının ölməzlik zirvəsinə ucaldıqlarını, onların əbədiyaşar xatirəsinin xalqımız tərəfindən daim sonsuz ehtiram hissi ilə yad ediləcəyini vurğulayıb. 
   Anım tədbiri kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunmuş “Qanlı yanvar” filminin nümayişi ilə davam edib.

 

Davud Rəhimli

 

 






Tarix:19/1/2016     udpo.az saytı Geri