Əlilliyi olan şəxslərə psixoloji, tibbi və hüquqi dəstək davam edir


Əlillərə psixoloji, tibbi və hüquqi dəstək davam edir

Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən  “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək”  layihəsini uğurla davam etdirir. Bu barədə məlumatı VFHM İctimai Birliyinin sədri Qarabağ müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev verib. Cəmiyyət sədrinin sözlərinə görə, icrasına mayın 15-də başlanılan layihəyə maraq olduqca böyükdür. Belə ki, indiyədək onlarla vətəndaş ictimai birliyə müraciət edib və layihə çərçivəsində onlara psixoloji, tibbi və hüquqi yardımlar göstərilib. Müraciət edənlərin bir qismi təyinatı üzrə dövlətə məxsus tibb müəssisələrində yerləşdirilib və onlar hal-hazırda dövlət hesabına müalicə alırlar. Dadaş Quliyev layihənin əhəmiyyətdən danışarkən, QHT Şurasının sədri, millət vəkili Azay Quliyevə və Şuranın aparat rəhbəri Fərasət Qurbanova öz minnətdarlığını bildirib: “İctimai Birlik olaraq bu layihənin reallaşmasında bizə köməklik göstərən Azay müəllimə, Fərasət müəllimə çox sağ olun deyirik ki, onların dəstəyi ilə zəruri psixoloji, tibbi  və hüquqi yardıma ehtiyacı olan vətəndaşlarımıza təmənnasız yardım göstərə bilirik. Əslində, layihə çərçivəsində 6 ay ərzində 30 vətəndaşa psixoloji, tibbi və hüquqi yardım nəzərdə tutulsa da, bizə kütləvi müraciətlər olduğundan layihə başa çatanadək, təxminən 150 vətəndaşa dəstək olmağı planlaşdırırıq”.

Qeyd edək ki, Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai birliyi “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək” adlı layihəsi çərçivəsində təkcə əlillərə deyil, eləcə də müharibə veteranlarına psixoloji, tibbi və hüquqi yardım göstərir. 14 iyunda, çərşənbə axşamı günü, səhər saat 10-dan başlayaraq İctimai Birliyin layihəyə cəlb etdiyi hüquqşünas, ehtiyatda olan ədliyyə mayoru Telman Cəbrayıloğlu növbəti dəfə vətəndaşların müraciətlərini qəbul edəcək. Bunun üçün Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 96 ünvanındakı (metronun Nizami stansiyası ilə Təzə Bazar arasındakı Anadolu Türk Liseyinin yanı) ofisinə getmək lazımdır. Müraciət edəcək vətəndaşlardan xahiş olunur ki, əvvəlcədən 012-596-87-40 və ya 055-266-78-09 nömrələrinə zəng edərək, onları maraqlandıran sualları versinlər. 

 




Tarix:11/6/2016     udpo.az saytı Geri