“Əlil sahibkarlara dəstək” layihəsinə başlanılıb


Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə - “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. Layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər. Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Müvafiq təlimləri uğurla bitirən şəxslərə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlar veriləcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, 3 dekabr - Beynəlxalq Əlillər Günündə “Əlil sahibkarlara dəstək” layihəsi ictimaiyyətə təqdim olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər və sahibkarlar iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev layihənin sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasına, onların biznesyönümlü bilik və bacarıqlarının artırılmasına, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsinə, yeni biznes təşəbbüslərinin dəstəklənməsinə, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olacağını qeyd ediblər.

Sonra KOBİA, Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında “Əlil sahibkarlara dəstək” layihəsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-nın departament müdiri Elnur Əliyev layihə ilə bağlı təqdimatla çıxış edib.

Tədbir çərçivəsində, həmçinin həssas sosial kateqoriyaya aid şəxslərin məşğulluğuna dəstək göstərmiş bir qrup sahibkara təşəkkürnamələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlil Təşkilatları İttifaqı

 




Tarix:3/12/2021     udpo.az saytı Geri