Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-
hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları”nı
təsdiq edib.
Bu Qaydalar QHT-lərin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinin hüquqi və təşkilati əsaslarını
müəyyən edir.
Bu Qaydalar QHT-lər tərəfindən qanunvericiliyə və nizamnamə məqsədlərinə riayət edilməsinin
təmin olunmasına, onların fəaliyyətində hüquq pozuntularının aşkar edilməsi və qarşısının
alınmasına, habelə bu QHT-lərdən qanunvericiliyə zidd məqsədlərlə istifadə olunması imkanlarını
istisna edən şəraitin yaradılmasına, cəmiyyətin və həmin təşkilatların maraqlarının qorunmasına
yönəlib. Regional ədliyyə şöbələri QHT-lərin fəaliyyətinin öyrənilməsinin nəticələri barədə hər yarım il
üzrə (iyunun və dekabrın 30-dək) Qeydiyyat və notariat baş idarəsinə ümumiləşdirilmiş məlumat
təqdim etməlidirlər.
QHT-lərin fəaliyyətinin öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının
nümayəndələri, habelə ayrı-ayrı sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. QHT-lərin fəaliyyəti
öyrənilərkən hüquq pozuntularına şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması ilə
yanaşı, onların təhlilinə və qabaqlayıcı tədbirlərə də diqqət yetirilməlidir. QHT-lərlə ədliyyə orqanı
arasında məlumat və sənəd mübadiləsi “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə
aparıla bilər. Ədliyyə Nazirliyi tərəfindən QHT-lərə fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl
edilməsinin təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil edilir.
QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı fəaliyyətinin nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu,
qanunun tələblərinə riayət edilməsi, o cümlədən ali idarəetmə, icra və nəzarət orqanlarının
yığıncaqlarının, habelə üzvlərin reyestrinin aparılması, gəlirlərinin təşkilatın məqsədlərinə
yönəldilməsi, fəaliyyətində şəffaflığın təmin edilməsi, qeyri-kommersiya qurumlarının və təhsil
müəssisələrinin dövlət reyestri üçün zəruri olan məlumatların vaxtında təqdim edilməsi, dövlət
reyestrində olan sənədlərin qanunvericiliyə uyğunluğu, illik maliyyə hesabatlarının təqdim olunması,
qrant, mühasibat uçotu haqqında qanunvericiliyə riayət edilməsi, maliyyə və təsərrüfat fəaliyyətinin
qanunauyğunluğu, qurumun fəaliyyəti ilə bağlı əlaqəli normativ hüquqi aktlara riayət edilməsi
araşdırılır.
QHT-lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin
pozulması halları müəyyən edildikdə “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən “Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl edilməsinə nəzarətin həyata keçirilməsi” Qaydalarına uyğun tədbirlər həyata keçirilir.
QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim etmək üçün öz yazışmaları üzrə
kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat sənədlərinin, bağladığı
müqavilələrin və digər sənədlərin təsdiq olunmuş surətlərini ayrıca qovluqda saxlamalıdırlar.
Kargüzarlıq sənədlərin daxil olduğu (imzalanaraq təsdiq olunduğu) müddətlər, bank və digər
sənədlərin tərtib olunduğu və ya təqdim olunduğu tarixlər üzrə aparılır, hər bir sənədə nömrə verilir.
Təsis sənədlərinə dəyişikliklər, qurumun fəaliyyətinə (ali və icra orqanlarının qərarları, protokolları və
s.), qrant müqavilələrinə (layihələr, layihə üzrə təsdiqedici maliyyə və mühasibatlıq sənədləri ilə
birlikdə) dair sənədlər ayrı-ayrı qovluqlarda saxlanılır.
QHT-lərin fəaliyyətinin öyrənilməsi 30 gün ərzində həyata keçirilir. Ədliyyə orqanının rəhbərinin yazılı
razılığı əsasında QHT-nin fəaliyyətinin öyrənilməsi müddəti 30 gün artırıla bilər. QHT-lərin
fəaliyyətinin öyrənilməsi plan üzrə və ya plandankənar keçirilir. Hər il dekabr ayında növbəti il üzrə
fəaliyyətinin öyrənilməsi nəzərdə tutulan QHT-lərin siyahısı hazırlanır və ədliyyə orqanının rəhbəri
tərəfindən təsdiq olunur. Regional ədliyyə şöbələrinin rəhbərləri təsdiq etdikləri siyahını və QHT-lərin
fəaliyyətinin plandankənar öyrənmə hallarını Ədliyyə Nazirliyinın Qeydiyyat və notariat baş idarəsi ilə
razılaşdırır. QHT-lərin fəaliyyətinin plandankənar öyrənilməsi dövlət qurumlarından məlumatlar və
kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, fiziki və hüquqi şəxslərin, habelə QHT-nin
iştirakçılarının müraciətləri daxil olduqda, bilavasitə ədliyyə orqanı tərəfindən pozuntular aşkar
edildikdə həyata keçirilir.
QHT-nin fəaliyyətinin öyrənilməsi plan üzrə aparıldıqda azı 7 gün, plandankənar aparıldıqda isə azı
1 gün əvvəl bu barədə həmin QHT-yə yazılı məlumat verilməlidir. Ədliyyə orqanı vəzifələrin icrası ilə
əlaqədar zəruri məlumatların (sənədlərin) təqdim edilməsini, o cümlədən tərtib etdiyi sorğu
vərəqəsinin cavablandırılmasını QHT-dən tələb etmək, həmin məlumatlara (sənədlərə) baxış
keçirmək və onların surətini çıxarmaq hüququna malikdir. QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı
izahatlar alına və müzakirələr keçirilə bilər. Tələb olunan məlumatlar (sənədlər) vaxtında təqdim
edilmədikdə və ya mövcud olmadıqda bu barədə protokol tərtib olunur, protokolda QHT-nin vəzifəli
şəxsinin məsələ ilə bağlı yazılı izahatı əks olunur.
QHT-lərin fəaliyyətinin öyrənilməsinə maneələrin yaradılması, o cümlədən sorğulara cavab
verilməməsi, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsi, yanlış məlumatların
verilməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ədliyyə orqanı QHT-
lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi
şəxslərə sorğularla müraciət edə bilər, fiziki şəxslərdən tələb olunan sənədləri əldə edə bilər.
QHT-lərin fəaliyyətinin öyrənilməsinin nəticələri aktla rəsmiləşdirilir. Aktda QHT-nin adı, təşkilati-
hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, rəhbərinin (vəzifəli şəxsin) adı, soyadı, atasının adı,
QHT-nin fəaliyyətinin öyrənilməsi tarixi, əhatə etdiyi dövr, həyata keçirilməsi barədə QHT-yə
göndərilmiş xəbərdarlığın tarixi və nömrəsi, fəaliyyətin öyrənilməsini həyata keçirmiş vəzifəli şəxs
(şəxslər), aktın tərtib olunma tarixi və tərtib edən şəxs (şəxslər), fəaliyyətin öyrənilməsinin əhatə
etdiyi sahələr (sənədlər), aşkar olunmuş pozuntular və ya çatışmazlıqlar (o cümlədən QHT-nin
fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanı
funksiyalarının həyata keçirilməsinin nəticələri), QHT-nin fəaliyyətinin təkmilləşdirilməsi və ya aşkar
olunmuş çatışmazlıqların aradan qaldırılması barədə tövsiyələr, pozuntularla bağlı görülməsi zəruri
olan tədbirlər üzrə təkliflər əks olunur.
Qurumun fəaliyyətinin öyrənilməsi nəticəsində QHT barədə qanun pozuntusunun aşkar olunmaması haqqında,
inzibati xətanın əlamətləri aşkar olunduqda, İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada
inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında,
cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya istintaq
orqanlarına göndərilməsi haqqında, digər pozuntular aşkar edildikdə, toplanmış materialların qanunvericiliklə nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədilə aidiyyəti
qurumlara göndərilməsi haqqında və QHT-yə yazılı xəbərdarlığın edilməsi və pozuntuların aradan qaldırılmasına dair
göstərişin verilməsi haqqında qərarlar qəbul oluna bilər.QHT-nin fəaliyyətinin öyrənilməsi üzrə akt tərtib olunduqdan
sonra aşkar olunmuş pozuntular və çatışmazlıqlar barədə məlumat QHT-nin “Fərdi elektron kabineti”ndə yerləşdirilir
və onun ünvanına göndərilir. QHT onun fəaliyyətinin öyrənilməsi nəticəsində aşkar olunmuş pozuntular və ya
çatışmazlıqlar barədə məlumatlandırıldıqdan sonra 30 günədək müddətdə onların aradan qaldırılması barədə ədliyyə
orqanına məlumat verməlidir.
Bu xəbər 2505 dəfə oxunub