28 Oktyabr 2025 11:43 | Baxış Sayı: 4
Əlil Təşkilatları İttifaqının 20 illik yubileyi qeyd olundu
Bu gün Bakı şəhərində Əlil Təşkilatları İttifaqının 20 illik yubileyinə həsr olunmuş “20 İl Xidmət, Bir Ömürlük Dəyər” adlı tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, ictimai birliklərin nümayəndələri və əlilliyi olan şəxslər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqində qeyd olunub ki, Əlil Təşkilatları İttifaqı 2005-ci ildən etibarən ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm fəaliyyət göstərir. Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ təşkilatın fəaliyyəti haqqında qısa təqdimat edib.
Tədbir açılış hissəsində Azərbaycan Respublikasının Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi, Milli Məclisinin deputatları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarə heyətinin sədri çıxış ediblər. Sonra dövlət və QHT nümayəndələrini öz fikirlərini tədbir iştirkçıları ilə bölüşüblər.
Rəsmi hissədən sonra bədii proqram təqdim olunub. Əlilliyi olan 18 yaşa kimi uşaq və gənclərin ifasında mahnı, rəqs və jest dili ilə səhnə nömrələri tamaşaçılara böyük emosiyalar yaşadıb.
Sonda təşkilatın fəaliyyətinə dəstək göstərən qurumların və ictimai birliklərin nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Əlil Təşkilatları İttifaqı bundan sonra da əlilliyi olan şəxslərin təşkilatları arasında əməkdaşlığın gücləndirilməsini, onların təmsilçiliyinin daha da genişləndirilməsini sosial inteqrasiyası, bərabər imkanlarının təmin edilməsi və inklüziv cəmiyyətin formalaşması istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyur.
Əlil Təşkilatları İttifaqının
Mətbuat Xidməti
