Pensiyaların plastik kartlarla ödənişi

Sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır.

İslahatların mühüm həlqəsi kimi pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur.
Azərbaycan Respublikasının şəhərlərində və rayon mərkəzlərində əhaliyə pensiya və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin qurulması 2004-2006-cı illər ərzində müvəffəqiyyətlə başa çatdırılmışdır.
Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən əhalinin maarifləndirilməsi üçün lazımi izahat işləri aparılmış, televiziya vasitəsilə reklam çarxları nümayiş etdirilmiş, pensiyaçılara xidmət edəcək bankomatların quraşdırılması və plastik kartların vətəndaşlara çatdırılaraq ödənişin bu sistemdə aparılması üçün məqsədyönlü fəaliyyət təşkil olunmuşdur.
Görülən tədbirlər nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir. Belə ki, 2009-cu il ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 62 563 nəfər artıb. 01.01.2009-cu il tarixə pensiyasını plastik kartla əldə edənlərin sayı 1 057 571 nəfər olduğu halda, 01.01.2010-cu il tarixə bu göstərici 1 120 134 nəfər təşkil edir. Yəni hazırda pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata keçirilir.

2009-cu il ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ötən ilin əvvəli ilə müqayisədə kəndlərdə pensiyaları plastik kartla alanların sayı 6 faiz artıb. Əgər 01.01.2009-cu il tarixə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 94,9 faiz təşkil edir. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Qeyd edək ki, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzindədir. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Proqrama əsasən, pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və pos-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.

Pensiyaların plastik kartlarla ödənilməsi barədə ümumi məlumat:

Plastik pensiya kartları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vəsaiti hesabına hazırlanaraq pensiyaçılara pulsuz paylanır;

Kartdan istifadəyə görə pensiyaçılardan heç bir haqq tutulmur.

Kartdan istifadə müddəti 5 ildir;

Pensiyaçılar öz pensiyalarını daha sürətli (vəsait kart hesabına köçürüldükdən dərhal sonra) almaq imkanına malikdirlər;

Pensiyaların daha rahat şəkildə (bankomat 24 saat işlədiyi üçün günün istənilən saatında) almaq mümkündürr;

Respublikanın istənilən rayonunda pensiyanın alınması imkanı təmin olunmuşdur;

Plastik pensiya kartları "VİSA Elektron" beynəlxalq ödəniş şəbəkəsinə qoşulduğu üçün hər hansı bir məqsədlə xaricdə olarkən də pensiyalar alınması həyata keçirilə bilər;

Pensiyanın kart hesabında yığılması və istənilən vaxt çıxarılması mümkündür;

Plastik kart və onun unikal PİN kodu pensiyaçıya şəxsən teqdim edildiyi üçün ondan digər şəxslərin istifadəsinə görə nə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu nə Azərbaycan Beynəlxalq Bankı məsuliyyət daşımır.