İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu ayrı-ayrı hökumətləri, dövlət başçılarını, eləcə də beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyətini hər il bir araya gətirir. Bu mötəbər forumda COP29-un prezidenti Muxtar Babayevin bir sıra görüşləri keçirilib.
Maraqlı tərəflərin COP29 çərçivəsində götürülmüş öhdəlikləri həyata keçirmələri üçün COP29-un prezidenti mühüm görüşlərdə iştirak edib, bütün əsas maraqlı tərəflərə iqlim dəyişməsi ilə mübarizə sahəsində, eləcə də Bakı Maliyyə Məqsədində müəyyən edilmiş 1,3 trilyon dollarlıq hədəfin “Bakı-Belen yol xəritəsi” vasitəsilə həyata keçirilməsində tərəflərin üzərinə düşən mühüm vəzifələri xatırladıb.
Görüşlərdə və toplantılarda sədrlik COP29-un əsas yekunları və Bakıda götürülən tarixi öhdəliklərin icra yolları barədə danışıb.
Toplantılardakı çıxışlar və keçirilən bu görüşlər COP29-da götürülmüş tarixi öhdəliklərin yerinə yetirilməsi üçün bütün maraqlı tərəflərə köməklik göstərmək məqsədilə COP29 Sədrliyinin həyata keçirdiyi işlərin mühüm hissəsidir. Forum çərçivəsində Muxtar Babayev bir daha bütün maraqlı tərəflər üçün aşağıdakı məsələlərin vacibliyini vurğulayıb:
- Davamlı əməkdaşlıq: çoxtərəfli yanaşma ilə bağlı mövcud olan problemlər fonunda iqlim dəyişməsi kimi qlobal məsələləri həll etmək üçün əməkdaşlığa olan ehtiyac və əməkdaşlığın faydası heç vaxt bu qədər əhəmiyyətli olmayıb.
- İcranın təmin olunması: Bakı Maliyyə Məqsədində müəyyən edilmiş 1,3 trilyon ABŞ dolları məbləğində hədəfin “Bakı-Belen yol xəritəsi” vasitəsilə təmin olunmasında özəl sektor mühüm rol oynayır.
- İnkişaf artan xətt üzrə davam edəcək: COP29 çərçivəsində mühüm irəliləyiş əldə olunsa da, qarşıda öz həllini gözləyən məsələlər hələ çoxdur. COP29 Sədrliyi COP30-un uğurlu olmasında Braziliya hökumətinə dəstək olmaq üçün əlindən gələni əsirgəməyəcək.
Görüş və çıxışların gündəliyi:
- Dünya İqtisadi Forumunun ev sahibliyi ilə keçirilən “COP30-a aparan yol” (“The Road to COP30”) sessiyasında iqlim fəaliyyətinin növbəti dekadasının daha operativ, ədalətli və əhatəli olması üçün COP29 tərəfindən qurulan bünövrə;
- Dünya İqtisadi Forumunun ev sahibliyi ilə keçirilən “Biznes və COP təsiri: Ölkələrin iqlim fəaliyyətində şirkətlərin dəstəkləyici rolu” (“Business for COP Impact: How Business Can Complement Countries”) adlı yüksək səviyyəli dialoqda Bakıda müəyyən edilən 1,3 trilyon ABŞ dolları məbləğində tarixi hədəfin reallaşdırılmasında şirkətlərin mühüm rolu;
İkitərəfli görüşlər:
- Bakıda qəbul edilmiş tarixi öhdəliklərin icrası barədə danışmaq üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş;
- COP29-da əldə edilmiş əhəmiyyətli nailiyyətləri və bərpa olunan enerji investisiyalarının artırılması üzrə hər iki ölkənin planlarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri, Səudiyyə Ərəbistanı Nazirlər Şurasının üzvü və iqlim məsələləri üzrə xüsusi elçi Əbdül ibn Əhməd əl-Cubeyr ilə görüş;
- COP29 çərçivəsində əldə olunan digər bir nailiyyəti - enerji keçidi (metan qazı asılılığından enerjinin anbarda saxlanılması prosesinə keçid) üzrə mühüm mərhələləri, eləcə də təmiz enerjiyə keçid prosesinə daha çox investisiyanın cəlb edilməsini müzakirə etmək məqsədilə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüş;
- Ambisiyalı iqlim məqsədləri və çoxtərəfli iqlim fəaliyyəti üzrə cari imkanları müzakirə etmək məqsədilə Niderland Krallığının baş nazir müavini (iqlim siyasəti və yaşıl inkişaf naziri) Sofi Hermans ilə görüş.