Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi QAYDALARI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 02 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 01 mart tarixli 45 nömrəli, 2007-ci il 23 aprel tarixli 70 nömrəli, və 2008-ci il 15 iyul tarixli 158 nömrəli Qərarları ilə edilmiş əlavələr və dəyişikliklərlə Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi QAYDALARI
1.Ümumi müddəalar 1.1.Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanına əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsini tənzimləyir.
1.2.Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.
2. Sosial yardımın alınması üçün müraciət edilməsi2.1. Sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə xüsusi ərizə forması (1 nömrəli əlavə), “Ailənin gəlir və əmlakı haqqında bəyannamə” (2 nömrəli əlavə) və “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi “ (5 nömrəli əlavə) ilə müraciət edir.
2.2. Ailəni təmsil edən şəxs ailə üzvləri tərəfindən ailənin yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan üzvləri arasından könüllü seçilir. Bu barədə ailə üzvlərinin müvafiq orqan (notariat orqanı və ya icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi) tərəfindən təsdiq edilmiş ərizəsi təqdim olunur.
2.3. Ailəni təmsil edən şəxs ərizə, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə”, “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi”, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə zəruri hallarda aşağıdakı sənədləri təqdim edir:
2.3.1. nigah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti;
2.3.2. qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti;
2.3.3. iş yerindən gəlir (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərə görə verilən ödənclər də daxil olmaqla) haqqında arayış;
2.3.4. ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət və təqaüdlərin məbləği haqqında aidiyyəti orqanın arayışı;
2.3.5. ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;
2.3.6. ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti;
2.3.7. ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış;
2.3.8. ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və ya icarəyə (kirayəyə) götürülməsi barədə müqavilənin surəti;
2.3.9. məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti;
2.3.10. ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq orqanın arayışı;
2.3.11. ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;
2.3.12. ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı.
2.4. Ailəni təmsil edən şəxsə sosial yardım təyin edilməsi üçün tələb olunan bütün sənədlərin təqdim edilməsi barədə səlahiyyətli şəxs tərəfindən bildiriş verilir.
3. Sosial yardımın təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi3.1. Sosial Yardım ailənin yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaradılmış komissiya tərəfindən təyin edilir. Sosial yardımın təyin edilməsi zamanı şəffaflığı təmin etmək məqsədi ilə, hüquqi-təşkilati formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların nümayəndələrinin təşəbbüsü ilə onların komissiyanın iclaslarında iştirakı təmin edilir.
3.2. Rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial yardımın təyin edilməsi üçün sənədləri sosial yardımlar üzrə səlahiyyətli şəxslər qəbul edir, ailənin gəlir və əmlakı haqqında məlumatları təsdiq edilmiş müvafiq formalar üzrə doldurur (3 nömrəli əlavə) və komissiyanın müzakirəsinə hazırlayır.
3.3. Sosial yardımın təyin edilməsi barədə sənədlərə komissiya tərəfindən 10 gün müddətində baxılır, sosial yardımın təyin edilməsi və ya sosial yardımın təyin edilməsindən imtina olunması barədə, təqdim edilmiş sənədlər üzrə məlumatların yoxlanılması zərurəti yarandığı aşağıdakı hallarda isə sənədlərə baxılması müddətini daha 10 gün müddətinə uzatmaqla məlumatların yerində yoxlanılması barədə qərar çıxarılır:
3.3.1. ailənin bəyan edilən gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusunun 30 faizindən aşağı olduqda;
3.3.2. əmək qabiliyyətli ailə üzvlərinin yarıdan çoxu işləmədikdə;
3.3.3. ailə üzvlərindən biri və ya bir neçəsi respublikadan kənarda yaşadıqda və yaxud əcnəbi olduqda;
3.3.4. ailənin iki və daha çox mənzili olduqda.
3.4. Sənədlərin və bəyan edilmiş məlumatların düzgünlüyü sosial yardımı təyin edən orqan tərəfindən aidiyyəti müəssisə, idarə və təşkilatlara sorğular göndərilməklə və yaxud bilavasitə yerində araşdırılmaqla yoxlanıla bilər.
3.5. Aidiyyəti idarə, müəssisə və təşkilatlar sosial yardımı təyin edən orqanın sorğularına operativ cavab verməyə borcludurlar.
3.6. Yoxlamanın nəticələri “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə akt”da əks olunmaqla rəsmiləşdirilir (4 nömrəli əlavə).
3.7. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən başlayaraq 1 il müddətinə təyin olunur.
3.8. Sosial yardım təyin edilərkən ailənin tərkibində aşağıda göstərilənlər nəzərə alınmır:
3.8.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat evlərində yaşayanlar);
3.8.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
3.8.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
3.8.4. axtarışda olan şəxslər;
3.8.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
3.8.6. əcnəbilər(Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
3.9. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:
3.9.1. sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə. Bu halda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir;
3.9.2. yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və yaxud alqı-satqı etdikdə;
3.9.3. ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla);
3.9.4. ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda;
3.9.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər).
3.10. Sosial yardımın təyin edilməsindən imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir.
4. Sosial yardımın ödənilməsi4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya rabitə şöbəsi) vasitəsilə ödənilir.
4.2. Sosial yardımın ödənilməsi aşağıdakı hallarda dayandırılır:
4.2.1. aztəminatlı ailəni təmsil edən şəxs vəfat etdikdə və yaxud ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə;
4.2.2. sosial yardımın məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda;
4.2.3. sosial yardım ailə tərəfindən 3 aydan çox alınmadıqda.
4.3. Bu Qaydaların 4.2-ci bəndinin 4.2.1-ci yarımbəndində göstərilən hallarda sosial yardımın ödənilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ödəniş ayından dayandırılır və növbəti aydan sosial yardımın məbləğinə ailənin tərkibi və gəliri nəzərə alınmaqla aşağıdakı qaydada yenidən baxılır: ailəni təmsil edən şəxs və ya digər ailə üzvü vəfat etdikdə, yaxud “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 9.0.1-ci, 9.0.2-ci, 9.0.3-cü və 9.0.4-cü maddələrində göstərilən səbəblərdən ailəni tərk etdikdə, həmin şəxsin payı ailəyə təyin olunmuş sosial yardımın məbləğindən çıxılır. Bu halda sosial yardımın məbləğinə sosial yardım təyin edilmiş müddət çərçivəsində baxılır; başqa səbəbdən ailə üzvlərindən birinin ailəni tərk etməsi və ya ailə üzvlərinin sayının artması ilə əlaqədar (yeni uşağın anadan olması istisna olunmaqla) ailəyə təyin edilmiş sosial yardımın məbləğində dəyişiklik aparılmır. Ailənin tərkibində baş vermiş belə dəyişiklik yalnız ailə sosial yardım üçün təkrar müraciət etdiyi halda nəzərə alınır; ailədə yeni uşaq anadan olduğu halda, həmin ailənin təkrar müraciəti əsasında ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılır; ailənin gəlirində baş vermiş dəyişiklik sosial yardımın verilməsinin dayandırılmasına səbəb olduqda, ailəyə sosial yardımın verilməsi dayandırılır. Qalan hallarda sosial yardım təyin edilmiş müddət çərçivəsində ailənin gəlirində baş vermiş dəyişiklik təkrar müraciət əsasında ailənin növbəti dəfə sosial yardım hüququna baxılan zaman ümumi qaydada nəzərə alınır. Bu Qaydaların 4.2-ci bəndinin 4.2.2-ci və 4.2.3-cü yarımbəndlərində göstərilən hallarda isə sosial yardımın ödənilməsi həmin halın aşkar edildiyi gündən dayandırılır. Lakin 4.2.3-cü yarımbənddə göstərilən halın üzürlü səbəbdən baş verdiyi müəyyən olunarsa, ailəyə sosial yardım verilməsi bərpa edilir.
5. Sosial yardımın təyin edilməsinə və verilməsinə nəzarətSosial yardımın təyin edilməsinə və verilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Ünvanlı sosial yardım üçün ilkin müraciət zamanı tələb oluna biləcək SƏNƏDLƏRAiləni təmsil edən şəxs ailə üzvləri tərəfindən ailənin yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan üzvləri arasından könüllü seçilir. Bu barədə ailə üzvlərinin müvafiq orqan (notariat orqanı və ya icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi) tərəfindən təsdiq edilmiş ərizəsi təqdim olunur. Ailəni təmsil edən şəxs ünvanlı sosial yardım üçün aşağıdakı sənədləri (tələb olunanı) təqdim etməlidir.
1. Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin surəti;
2. Ailə tərkibi haqqında yaşayış yerindən arayış;
3. Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti;
4. Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti;
5. Ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;
6. Ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış;
7. Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət, təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin qazancı və s.) barədə müvafiq icra hakimiyyəti orqanının arayışı;
8. Ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və ya icarəyə (kirayəyə) götürülməsi barədə müqavilənin surəti;
9. Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti.
Ailələrin ilkin müraciəti zamanı gəlirlərin və ailə tərkibinin düzgün müəyyən edilməsi üçün yuxarıda qeyd edilən sənədlərlə yanaşı digər sənəd və məlumatlar tələb oluna bilər. Təkrar müraciət zamanı isə ailə tərkibində dəyişiklik baş verməyibsə və ailə yaşayış yerini dəyişməyibsə ailəni təmsil edən şəxs barədə digər ailə üzvlərinin razılıq ərizəsi, ailə tərkibi haqqında yaşayış yerindən arayış və hər bir ailə üzvünün qazancı barədə arayış tələb edilir.