24 Dekabr 2024 12:14 | Baxış Sayı: 25
Bu gün şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil təqdim edildi
Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin
avtomobillə təminatı başa çatdırıldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi
olan şəxslərə daha 150 mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 33 avtomobil verilib.
Mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir. 4 saylı
DOST Mərkəzində həmin mənzillərin və avtomobillərin sənədlərinin təqdim edilməsi tədbiri olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirlik yanında İctimai şuranın
sədri, professor Elşad Məmmədov iştirak ediblər. A.Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin şəhid ailələri
və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Bu istiqamətdə aparılan işlərin bir istiqaməti də onların mənzil və fərdi evlərlə təminatıdır. Ümummilli Lider
Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılan proqram ildən-ilə uğurla davam etdirilir.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə bu proqram 5
dəfə genişlənib.
Qeyd edilib ki, bu gün daha 150 mənzil verilməklə cari ilin ötən dövründə artıq 650 mənzil təqdim edilib və bu
həftə daha 150 mənzil veriləcək. Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə ötən dövrdə 16
minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin
avtomobillə təminatı başa çatmış oldu. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7
min avtomobil verilib.
E.Məmmədov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması, o
cümlədən onların mənzillə təminatı sahəsində aparılan işlərin ümumən ictimaiyyət tərəfindən rəğbətlə
qarşılandığını vurğulayıb.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, bu
gün yeni mənzil və avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə
ediblər.
Əlil Təşkilatları İttifaqı
Davud RƏHİMLİ