19 İyun 2025 14:49 | Baxış Sayı: 13
ÜST Azərbaycanda Köməkçi Texnologiyalar və Reabilitasiya üzrə Milli Dialoq təşkil edib
Bakı, 19 iyun 2025-ci il - 19 iyun 2025-ci il tarixdə ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisinin təşkilatçılığı və “ATscale – Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlıq” təşəbbüsünün dəstəyi ilə Bakıda “Köməkçi Texnologiyalar və Reabilitasiya üzrə Milli Dialoq” adlı tədbir keçirilib. Tədbirin məqsədi Azərbaycanda köməkçi məhsul və xidmətlərə bərabər çıxışın təmin olunması istiqamətində milli səylərin gücləndirilməsi, prioritetlərin müəyyənləşdirilməsi və sektorlararası əməkdaşlığın möhkəmləndirilməsi oldu.
Tədbirdə AR Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyindən, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB), ADA Universiteti və Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqından nümayəndələr iştirak edib. Müzakirələr zamanı köməkçi texnologiyalar sahəsində mövcud inkişaf potensialı və gələcək prioritet addımlar nəzərdən keçirilib.
Açılış nitqi ilə çıxış edən ÜST-nin Ölkə Ofisinin səhiyyə siyasəti üzrə məsləhətçisi H. İbrahim Durak "Köməkçi texnologiyalar insanların müstəqil yaşamasını, təhsil almasını və cəmiyyətə tam şəkildə inteqrasiya olunmasını təmin edən əsas vasitələrdir. Azərbaycan bu sahədə mühüm irəliləyişlər əldə edib və ÜST olaraq biz bu prosesə texniki dəstək göstərməyə hazırıq", - deyə qeyd edib.
Görüşdə təmsil olunan AR Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev “Hər bir qurum bu sahədə öz istiqaməti üzrə mühüm işlər görür və əhəmiyyətli töhfələr verir. Bu fəaliyyətlər daha koordinasiyalı şəkildə həyata keçirilərsə, görülən işlər ölkənin ümumi sosial-iqtisadi inkişafına daha böyük töhfə verə bilər”,- deyə vurğulayıb.
Tədbir çərçivəsində ÜST-nin üzv ölkələrdə həyata keçirdiyi qiymətləndirmələr əsasında keyfiyyətli köməkçi texnologiyalara çıxışın genişləndirilməsinə dair hazırladığı təklif və tövsiyələr, eləcə də ÜST-nin alət və resursları təqdim olunub.
ÜST-nin köməkçi texnologiyalar üzrə qlobal hesabatına əsasən hər üç nəfərdən biri köməkçi məhsullara ehtiyac duyur, lakin yalnız hər on nəfərdən biri bu məhsullara faktiki çıxış əldə edə bilir. Əhalinin yaşlanması, qeyri-infeksion xəstəliklərin qlobal səviyyədə artması, böhranlar və münaqişələr zamanı təsirlənmiş insanların bu məhsullara ehtiyacını əhəmiyyətli şəkildə artırır. Bu tendensiyalar bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunur.
ÜST BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Konvensiyası (CRPD), Davamlı İnkişaf Məqsədləri (DİM) və Ümumdünya Səhiyyə Assembleyasının Köməkçi məhsullar üzrə 71.8 saylı Qətnaməsi çərçivəsində ölkələrə sübuta əsaslanan, inklüziv və ədalətli köməkçi texnologiya sistemlərinin qurulmasında dəstəyini davam etdirir.
Bakıda keçirilən bu Milli Dialoq Azərbaycanda inklüziv və davamlı köməkçi texnologiya sistemlərinin gücləndirilməsinə doğru atılmış mühüm addım oldu. Milli tərəfdaşların və beynəlxalq qurumların bir araya gəlməsi, bu sahədə ortaq baxışın formalaşmasına, real ehtiyacların müəyyənləşdirilməsinə və bərabər çıxışı təmin edəcək konkret tədbirlərin planlaşdırılmasına zəmin yaradacaq.