01 Avqust 2025 15:22 | Baxış Sayı: 28
Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının görüşü keçirilib. Görüş onlayn formada baş tutub. Tədbiri giriş sözü ilə açan komissiyanın sədri, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin gündəliyini elan edib və qarşıda duran məsələlər barədə söz açıb.
DOST Agentliyinin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov dövlət monitorinqi çərçivəsində görülən işlər haqqında danışıb, həmçinin 2025-ci ilin monitorinq məqsədləri, keçiriləcək tədbirlər zamanı qurumların iştirakçılığının və səlahiyyətlərinin müəyyən edilməsi və s. barədə məlumat verib.
Görüşdə cari məsələlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı üzvlərin rəy və təklifləri nəzərə alınıb, komissiyanın sədri Fərid Məmmədov tərəfindən müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Müvafiq olaraq nazirliyin strukturuna daxil olan qurumların əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.